Futbolçu karyerasını başa vuran Cavid Hüseynov yeni sahədə uğur qazanmaq niyyətindədir.
Dünyaya gəldiyi Cəbrayıl rayonunun eyniadlı komandasını yaradan sabiq yarımmüdafiəçisi məşqçi kimi Region Liqasında uğur qazanmağı hədəf seçib.
“Cəbrayıl” Həvəskarlar Liqasının ilk turunda “Davam”ı 21:0 hesabı ilə məğlub etməyi bacardı.
Hələ məlum qələbədən öncə “Cəbrayıl”la bağlı sual yaranmışdı. Görəsən, Cavid Hüseynov və köməkçisi - Azərbaycan millisinin sabiq futbolçusu Elhad Nəziri də Region Liqasında top qovacaq?
Lakin heç birini meydanda görmədik. Halbuki, əvvəlki çempionatlarda dəfələrlə oynayan-məşqçilərə rast gəlmişik.
Maraqlıdır, Cavid Hüseynovun belə bir planı yoxdur? Yoxsa parlaq karyeradan sonra Region Liqasında top dalınca qaçmağı qəbahət sayır?
Öz dilindən eşidək: “Bu gün komandamızın əsasını, belə deyim, 95 faizini 18-20 yaşlı gənclər təşkil edir. Əsas məqsədimiz onların inkişaf etməsi, təcrübə toplamasıdır.
Ona görə də mənim, yaxud Elhadın oynamağını düzgün hesab etmirəm. Özüm futbol oynayım deyə, onların qarşısını almaram. Bu dəqiqə onların təcrübə toplayan vaxtıdır.
Gələcəkdə nə olacağını bilmək olmaz. Pley-offa yüksəlsək, görsəm ki, çətin sınaqdır, belədə bəlkə oynayaram.
Elhad gəlincə, onu komandaya mənə kömək edən şəxs kimi cəlb etmişəm. Sağ olsun, əlindən gələni köməyi edir.
Bir çox məsələlərdə dəstək olur mənə. Amma futbolçu kimi onu yanıma heç “dır-dır”a da götürmərəm (gülür)”.
HƏBİB / SPORTİNFO.AZ