"Qəbələ"nin baş məşqçisi 5:0-a təəccübləndi

7 Mart 2020 18:14 Qəbələ 834
"Qəbələ"nin baş məşqçisi 5:0-a təəccübləndi

Sportinfo.az xəbər verir ki, «Qəbələ»nin baş məşqçisi Elmar Baxşıyev «Sumqayıt» üzərində 5:0 hesablı qələbədən sonra keçirilən mətbuat konfransında sualları cavablandırıb:

- Bu hesab bizim üçün də gözlənilməz oldu. «Sumqayıt»ın heyətində yaxşı futbolçular var. Çox təhlükəli komandadır. Həftə ərzində nəyin üstündə hazırlaşmışdıqsa, bu gün futbolçularım onu da göstərdi. Bu da bizi sevindirməyə bilməz.

- «Neftçi» ilə ötən ev oyununda azarkeşlər sizi istefaya səsləmişdi. O şüarlar sanki komandanızı silkələyib.
- Açığı, o istefa şüarlarını normal qarşıladıq. Nəticə olmayanda, azarkeşlərin o cür şüarlar qışqırması normaldır.

-Deyirsiz ki, həmin hadisənin təsiri olmadı.
- Olmadı. Əvvəldən bilirdik ki, qış fasiləsindən sonra bizə bir az çətin olacaq. İki aparıcı futbolçumuz komandanı tərk elədi və yeni gələnlər adaptasiya prosesi keçdiyi üçün istədiyimiz nəticələri qazana bilmirdik. Vaxt keçdikcə, nəticələrimiz düzəlir. Mən əvvəl də demişəm ki, bu komanda futbol oynamağı bacarır, potensialı var və daha artığını etməyə qadirdir.

- Bir neçə qolda yaxından iştirak edən Klesio Bauku oyunun ən yaxşısı hesab etmək olar?
- Klesio 1 ilə yaxındır komandadır. Onun oyunu bizi və azarkeşləri sevindirməyə bilməz. Bu, hələ Klesonun tam potensialı deyil. O, mən deyərdim ki, çempionatın tapıntısı da ola bilər. Premyer Liqada çıxış edən ən yaxşı futbolçulardan biridir. Onda olan sürət başqa komandaların heç bir futbolçusunda yoxdur.

- Sonuncu qolun vurulduğu penalti epizodunda Nikolas Raysellə Klesio Bauk arasında bir narazılıq yarandı. Raysel onu penaltini yerinə yetirməyə qoymadı.
- Normal haldır. Hücumçuya xas olan bir xüsusiyyətdir. Komanda yoldaşları onu normal qarşıladı.

- Bir qədər əvvəl dediz ki, bu hesabı gözləmirdiz. Həm də qeyd etdiz ki, həftə ərzində nə məşq keçmişdizsə, onun da nəticəsini gördüz. Belə çıxmırmı ki, böyükhesablı nəticəni öncədən təxmin etmişdiz?
- Yenə deyirəm ki, bu hesab bizim üçün gözlənilməz oldu. Düzdür, «Sumqayıt»ı analiz edərkən, bəzi boşluqları görmüşdük və məşqlərdə bunların üzərində işləyirdik.

- Yəqin ki, oyunu Elvin Bədəlovun üzərində qurmuşduz.
- Yox (gülür).

- Oyun qurtarıb. Gəlin, indi bunu açıq etiraf edək də…
- Qoy, bu, komandamızın sirri kimi qalsın.

- İviça Zuniçi niyə əvəzlədiz?
- Bizdə müdafiədə oyunçu qıtlığı var. Ona görə də qərara gəldik ki, İviçanı qoruyaq. Hədəsi o qədər də ciddi deyil.

- Murad Musayevi müdafiənin mərkəzində gördük. Amin Seydiyevi isə öz mövqeyinə qaytarmışdız. Növbəti turlarda da bu cür yerdəyişmələr görəcəyik?
- Futbolçularım da bilir ki, heç kimə öncədən «11-lik»də oynayacağına qarant vermirik. Həftə üzərində kim özünü məşqlərdə yaxşı tərəfdən göstərirsə, onun da üzərində dayanırıq.

- Bildirdiz ki, komandanız daha çoxuna layiqdir. Bu «çox» nə deməkdir: Avropa Liqasına vəsiqə, yoxsa Premyer Liqada sonuncu pillədən qurtulmaq?
- Biz Avroliqanı düşünmürük. Sadəcə, qarşıdakı oyuna komandanı hazırlayırıq. Ən maksimum nədirsə, onu əldə etmək istəyirik.

Digər Xəbərlər
Xəbər Lenti