"Klub rəhbərliyinə inanıram, bilirəm ki, büdcədə pul olsaydı…"

8 Fevral 2023 14:40 Qəbələ 619
"Klub rəhbərliyinə inanıram, bilirəm ki, büdcədə pul olsaydı…"

«İmkanımız olsaydı, bir neçə legioner gətirərdik, gücümüz bir nəfərə çatdı».

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev deyib.

Əyalət təmsilçisi qış transfer dönəmində ilk keçidini rəsmiləşdirib. “Qırmızı-qaralar” Mərakeş əsilli belçikalı Əyyub Allaşla müqavilə imzalayıb.

25 yaşlı yarımmüdafiəçi Premyer Liqa təmsilçisi ilə 2024-cü ilin yayınadək nəzərdə tutulan sözləşməyə qol çəkib. Onun son klubu Belçika “Virton”u olub.

Allaş karyerası ərzində “Lyers” (2014-2018), “Svope Park Reyncers” (2019-2020) və “Lyers Kempenzone” (2020-2021) klublarında da çıxış edib. 2015-ci ildə Mərakeşin U-20 millisinin heyətində oyun keçirib.

E.Baxşıyev onun komandanı daha da gücləndirəcəyinə şübhə bəsləmədiyini bildirib:

«Allaşı yaydan bəri tanıyıram. Dəfələrlə oyununu izləmişəm. İlk vaxtlardan diqqətimi çəkmişdi.

Müxtəlif səbəblərdən yayda bura gətirə bilmədik. İndi də gəlişi son ana kimi sual altında idi.

Mən hələ qış fasiləsindən əvvəl rəhbərliyə demişdim ki, bizə yeni futbolçular lazımdır. Hücumameylli yarımmüdafiəçiyə daha çox ehtiyac olduğunu bildirmişdim.

Onda cavab almışdım ki, hələ imkan yoxdur, bir qədər gözləyək. İş elə gətirdi ki. bu transfer indilərdə baş tutdu.

Klub rəhbərliyinə inanıram, bilirəm ki, büdcədə pul olsaydı, daha çox futbolçu alardılar. Allaşın bizə köməyi dəyəcək.

Potensialına bələdəm. Onun oynadığı mövqedə çətinliyimiz var idi, bu transferlə problemi aradan qaldırdıq».

Digər Xəbərlər
Xəbər Lenti