
“Hakim oyunu ”öldürdü”. İlk epizodda penalti qərarı doğru deyildi”.
“Qəbələ”nin yarımmüdafiəçisi İsnik Alimi Sportinfo.az-a açıqlamasında komandasının Premyer Liqanın 19-cu turu çərçivəsində “Qəbələ” ilə keçirilən oyunu dəyərləndirib.
Təcrübəli futbolçu Elçin Məsiyevin 18-ci dəqiqədə qonaqların qapısına təyin etdiyi 11 metrlik cərimə zərbəsi ilə razılaşmadığını desə də, növbəti penalti zamanı referinin düzgün qərar verdiyini deyib:
“Referi qərar verəndə ətraflı düşünməlidir. VAR-da epizoda baxırsa, dəqiq incələməlidir. Əziyyət çəkirik, avrokuboklar uğrunda mübarizə aparırıq.
Mən düzə düz deyən adamam. Bəli, ikinci epizodda qapımıza penalti təyin olunmalıydı. Çünki mən rəqib futbolçuya qarşı kobud oynamışdım, 100 faizlik penalti idi.
Bunu etiraf edirəm. İlk hissəni zəif keçirməyimizin əsas səbəblərindən biri psixoloji cəhətdən toparlana bilməməyimiz oldu.
Çünki ilk 11 metrlik cərimə zərbəsi futbolçulara pis təsir etdi. Lakin fasilədə toparlanaraq ikinci yarıda lazım olan 2 qolu vurmağı bacardıq.
Bütün bunlarla yanaşı, “Kəpəz”in mübariz kollektiv olduğunu deməliyəm. Xüsusən azarkeşləri qarşısında inamlı təsir bağışlayırlar.
Fasilədən sonra toparlanıb hesabı bərabərləşdirməyimiz xoş oldu. Əlbəttə, qalib gəlmək istəyirdik.
Amma ilk yarıda 0:2 hesabı ilə geridə olduğumuzu nəzərə alsaq, Qəbələyə 1 xalla qayıtmaq pis nəticə deyil”.
Alimi Gəncə şəhər stadionunda gördüyü ab-hava haqda bunları deyib:
“Havanın soyuq olması müəyyən mənada işimizi çətinləşdirirdi. Yəqin ki, azarkeş sayına da təsir etmişdi. Fikrimcə, hava xoş olsaydı, fanatların sayı da çox olacaqdı.
Tribunalarda möhtəşəm atmosfer gördüm. Bu cür dəstəyin qarşısında oynamaq hər bir futbolçu üçün xoş haldır”.
Yanvarın 24-də baş tutan “Kəpəz” – “Qəbələ” görüşü 2:2 hesabı ilə başa çatıb.
HƏBİB