“Qəbələ” niyə qara günə qalıb? -  AÇIQLAMA VERİLDİ

16 Sentyabr 2022 19:40 Qəbələ 730
“Qəbələ” niyə qara günə qalıb? -  AÇIQLAMA VERİLDİ

“Qəbələ”nin işləri qaydasında getmir.

Ötən mövsümün sürpriz komandasını kimi yadda qalmaqla avrokuboklara vəsiqə qazanan bölgə təmsilçisi yayda heyətini bir neçə legionerlə gücləndirdi.

Düşünmək olardı ki, cari çempionatda əvvəlkindən də güclü və qələbələri sıralayan “Qəbələ” görəcəyik.

Di gəl, startda əldə olunan ardıcıl 3 qələbənin ardınca əsas rəqiblərlə matçlarda 3 ardıcıl məğlubiyyət gəldi.

Elmar Baxşıyevin yetirmələri oyunlarda rəqiblərindən heç də geri qalmır. Topa nəzarət edir, qol imkanları yaradır, amma meydanı yenik tərk edir.

“Sabah”a uduzmaq hardasa başadüşüləndir. Amma “Zirə” və “Neftçi” ilə qarşılaşmalarda qəbələlilərin cəmi 1 hissə xoş təsir bağışlaması ortaya sual çıxarır.

Komandanın aparıcı üzvlərindən olan, cari mövsümdə vurduğu qollarla adından söz etdirən müdafiəçi Məqsəd İsayevlə söhbətdə nə baş verdiyini öyrənməyə çalışdıq:

“Oyunlarda heç də pis təsir bağışlamırıq. Oyunumuz alınmasa, rəqibdən geri qalsaq, narahatlıq keçirmək olar.

Hətta uduzduğumuz oyunlarda rəqibdən üstün təsir bağışladığımız hallar da olub. Əsas odur ki, çox sayda qol imkanı yaradırıq. Deməli, komanda istədiyini ortaya qoya bilir.

Bəzən hər şey tam istədiyin kimi alınmır. Komandalarda bu cür hallar yaşanır.

Məşqçilər heyəti və futbolçu yoldaşlarımızla birgə çalışıb çıxış yolu tapmalıyıq. Hər şey öz əlimizdədir.

Tez bir zamanda bu durumdan çıxmalıyıq. İnşallah, işləri qaydasına salıb qələbələr qazanmaqda davam edəcəyik”.

Məqsəd İsayev cari mövsümdə 6 oyunun hamısında start heyətində yer almaqla “Kəpəz”lə “Neftçi”nin qapısına yol tapıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti