Premyer Liqada final xətti yaxınlaşır.
Hər ötən həftə həyacan və intriqa bir qədər artır. İrəlidə bizi daha gərgin oyunlar və qalmaqallar gözləyir.
Bundan qaçmaq, sadəcə, imkansızdır.
Bu, futbolun alın yazısıdır: iddia və iddialılar varsa, döyüşdən yayınmaq qeyri-mümkündür.
Hər halda medallar uğrunda 4-5 komanda mübarizə aparır və onlardan yalnız «Qarabağ» rəqiblərindən bir xeyli uzaqlaşıb, qalanları da 3 avro-biletdən birini əldə etməyin yolunu axtarır.
«Qəbələ»də mövsümün boyunun qısalmasından doolayı yaranmış narahatlıq əmələ gəlib. Psixoloji cəhətdən ən çətin fazaya daxil olublar.
Bu səddi aşsalar, Elmar Baxşıyevi mən salamlayacam.
Aşmasalar… Rəhbərlik onunla sağollaşacaq.
Düşərgədən qarışıq xəbərlər gəlməkdədir, baş məşqçini bir qədər diqqətli olmağa səsləyirik. Bu gün tez ola bilər, sabah gec olacağını da qoy biz ona deyək.
«Qəbələ»nin heyəti məhduddur. Bu üzdən hər ad dəyərlidir. Təəssüf ki, büdcə qısırlıdır və belə olmasaydı, qış fasiləsində düşərgəyə daha 3-4 yeni sima gətirilərdi.
Patrik Robson və Samet Karakoç köhnələrə qaynayıb-qarışmayıb hələ, «yad cisim» kimi görünürlər kənardan. Heç biri ümidləri doğrultmur, hətta deyərdik ki, komandanı zəiflədiblər.
«Qəbələ» qol epizodları yaratmaqda çətinlik çəkmir. Bundan istifadə faizi düşüb amma. Ötənilki dövrə qayıdan kimidilər. Səbəbi narahatlıq və tələskənlikdir.
Hücum bölgəsində qolu qoxulayan komandanın müdafiə xətti getdikcə daha çox boşluqlara yol verir. Rəqiblər onların qapısı önündə təhlükəli epizodları sıralamaqda əziyyətə düşmür. Bunun da səbəbi narahatlıq və tələskənlikdir.
Hər şeyi Elmar Baxşıyevin üstünə atmaq, hər şeyi ondan gözləmək, tələb etmək olmaz. Rəhbərlikdə yer alanlar bu səhvi etməsin gərək.
Çıxıb komandaya deməlidirlər ki, avrokuboklara getməsələr, kimsəni asıb-kəsməyəcəklər, həyat öz axarıyla davam edəcək.
Futbolçular bu sözləri onlardan eşitməli, nisbətən rahatlaşmalıdır. Sezonun ilk yarısındakı huzuru tapmaq, həmin məmuniyyət və həzzi yenidən dadmaq üçün.
KAMİL

