Atıb getdin sən məni,
Konül həmdəmimdin.
Sənsiz yaşaya bilməm,
Odlara saldın məni.
“Qəbələ”nin dili-ağzı olsa, indi Vəndam aşırımında dayanıb, üzü Bakıya tərəf baxar və Könül Kərimovanın ifasında dinləyib sevdiyimiz “Atıb getdin” mahnısının nəqarətini təkrar-təkrar oxuyardı.
Əminəm ki, Zaur Əzizovun “Qəbələ”ni tərk etməsinə klubda çalışanlar, klubu sevənlər, məşqçilik edənlər, top dalınca qaçanlar, yolu klubdan keçənlər, hamı, hər kəs təəssüflənir.
Çünki bu, adi gediş yox, bir əfsanənin, tarixin gedişiydi. “Qəbələ”yə 2008-ci ildə, hələ klub peşəkar futbolda iməkləyəndə gəlib, onun ayaq açıb yeriməsinə, dil açıb danışmasına, Avropadakıların önünə çıxmasına kifayət qədər töhfə verən birinin gedişi sıradan vida sayıla bilməz.
“Qəbələ”nin əsas komandasının formalaşıb uğur qazanmasında, gümüş və bürünc medallara sahib çıxmasında, 4 dəfə kubok finalı oynamasında, 2 dəfə Avropa Liqasının qrupuna vəsiqə qazanmasında Əzizovun danılmaz və unudulmaz xidmətlərinin olduğunu Qəbələdəki stadiona ürəyi istəyəndə gelən sadə qəbələli azarkeşin də bilir.
Əzizov təkcə özü getsəydi, nə vardı? O, özüylə həm unudulmaz tarixi, həm ən xoş xatirələri, həm də sabahı apardı. Ona görə ki, Qəbələdəki bazanın hansı daşını qaldırsan, altında onun ad-soyadı çıxır.
Hər işdə onun zəhməti, tökdüyü tər var. İnsan kimi insan, kadr kimi kadr, peşəkar kimi peşəkar.
Vaxtilə jurnalistikada “külüng döyən” həmkarlarımızdan olmuş “Qəbələ”nin sabiq baş meneceri üçün 13-14 il çalışdığı yerdən ayrılmaq kənardan göründüyü qədər asan deyildi.
Pulsuzluğun ilk günlərindən dözdü, dözdü, indiyə qədər olan bir neçə təklifi geri çevirməklə insanlığını ortaya qoydu.
Lakin səbrin də, ümidin də dirənəyə biləcəyi bir nöqtə var. O da, mən də, sən də - hamımız inkişaf etmək, irəli boylanmaq, sabımızı daha yaxşı şəraitə malik yerdə görmək istəyirik.
Əzizov vaxtilə Baqali Dabo, Voislav Stankoviç, Stiven-Jozef Monrozun marşrutu ilə hərəkət edib bundan sonra “Neftçi”də - özü yetişdirmədən, zəhmət çəkmədən digər klubların məşqçi və futbolçularını “oğurlayan” klubda çalışacaq.
Ümid edək ki, özü və yeni klubu üçün uğurlu alınacaq.
Amma ağlımdakı bir sual bu istiqamətdəki ümidimi əlimdən alır. Görəsən, Əzizovun əllərində böyüyən, tərbiyə alan, adam içinə çıxan, hamı tərəfindən sevilən həmin “Qəbələ” Əzizova halallığını verdimi?
Gözü onu axtarmayacaq ki? Üşüməyəcək? Sızıldamayacaq? Darıxmayacaq ki, onun üçün?
HƏBİB

