“Qəbələ”nin başı yenə dərddə!

12 Noyabr 2021 20:40 Qəbələ 968
“Qəbələ”nin başı yenə dərddə!

Millilərin oyunları ilə bağlı çempionatda yaranmış fasilədən digərləri kimi, “Qəbələ” də maksimum yararlanmağa çalışır.

10 turdan sonra topladığı 18 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan kollektiv “Səbail”lə matçdan sonra istirahətə buraxılmışdı.

Noyabrın 11-də yenidən bir araya gələn komanda üzvləri Bakıda məskunlaşıb, məşqlərini Bakı Olimpiya Stadionunun ehtiyat meydanında keçir.
İşin maraqlı tərəfi “qırmızı-qaralar”ın iki həftəlik dönəmdə yoldaşlıq görüşü keçirməməsidir.

Digər komandalar bu müddətdə futbolçuların oyun təcrübəsinin azlığından əziyyət çəkməməsi üçün sınaq matçları keçirsə də, “Qəbələ” buna gərək duymayıb.

Səbəbini öyrənmək üçün komandanın baş məşqçisi Elmar Baxşıyevlə əlaqə saxladıq. 41 yaşlı mütəxəssis Sportinfo.az-a açıqlamasında bunları dedi:

“Bəli, bu müddətdə yoldaşlıq görüşü keçirməyi məqsədəuyğun saymadıq. Səbəb komandada futbolçu sayının azlığıdır.

Rafael Utziqlə Fernan Lopes mikrozədədən əziyyət çəkdikləri üçün kollektiv çalışmalara qatılmır,

Elməddin Sultanovla Ehtiram Şahverdiyev “Qəbələ-2”yə kömək etmək üçün bizdən ayrılıb, Hüseyn Mürsəlovla Nicat Mehbalıyev isə U-21-in düşərgəsindədir.

Assimba Atanqana da bir neçə gün əvvəl əməliyyat olunub, 10-15 gündən sonra məşqlərə başlayacaq.

Faktiki, qapıçısız qalmışıq. Belə vəziyyətdə oyun xatirinə oyun keçirmək istəmədik. Ya ikitərəfli matç keçirərik, ya da əvəzedici komandamızla oynayarıq. İnşallah, bu baxımdan problem olmaz”.

“Qəbələ” 11-ci tur çərçivəsində noyabrın 21-də doğma azarkeşləri önündə “Sumqayıt”ı qəbul edəcək.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"