"Qarabağ"lı legioner: "Evdə qalaraq, yemək bişirməyi öyrənirəm"

9 Aprel 2020 00:42 Qarabağ 335
"Qarabağ"lı legioner: "Evdə qalaraq, yemək bişirməyi öyrənirəm"

"Karantin dövründə gündəlik həyatımda elə də çox dəyişiklik baş verməyib. Yeganə fərq ondadır ki, hər gün məşqə yollanmıram. Bir də əvvəllər fürsət düşdükcə həyat yoldaşımla restorana gedirdik”.

Sportinfo.az xəbər verir ki, Bu fikirləri “report”a açıqlamasında “Qarabağ”ın futbolçusu Miçel Madeyra koronavirus pandemiyasına görə karantin rejimindəki məşğuliyyəti barədə danışarkən deyib.

İspaniyalı yarımmüdafiəçi bildirib ki, virusa görə daha çox evdə olur: “Tonusda qalmaq üçün fərdi qaydada hazırlaşıram. Həmçinin ev işlərində həyat yoldaşıma kömək edirəm. Yemək bişirmək bacarığım yox idi. Fürsətdir, həm də bunu öyrənirəm”.

35 yaşlı futbolçu koronavirusa yoluxmamaq üçün nadir hallarda evdən bayıra çıxır: “Sadəcə zəruri hallarda market və aptekə getmək lazım olanda bunu edirəm. Onda da nəfəs yollarımı – burnumu və ağzımı, həmçinin gözlərimi qorumağa çalışıram.

Rezin əlcəklərdən istifadə edirəm. Çünki istər-istəməz liftdə düyməni basanda, marketdə nəyəsə toxunanda virus mənə keçə bilər. Buna görə həmin yerləri də qorumağa çalışıram”.

Təcrübəli oyunçu evə qayıdanda xüsusi məhlullarla özünü dezinfeksiya etdiyini vurğulayıb: “Hətta həmin məhlulları üstümdə gəzdirib, lazım olanda əllərimə, üzümə vururam. Normal vaxtda da gigeyena qaydalarına riayət edirdim. Virus yayılandan sonra isə qorunma üsullarını daha da gücləndirmişəm”.

İspaniya koronavirusun ən çox yayıldığı və ağır fəsadlara səbəb olduğu ölkələrdən biridir. Miçel bunun səbəbini belə izah edib: “Bu, elə virusdur ki, sərhəd tanımır. İspaniya turistlərin daha çox səyahət etdikləri ölkələrdəndir.

Düşünürəm ki, səbəblərdən biri budur. Amma sevindirici haldır ki, ölkəmdə səhiyyənin səviyyəsi dünyada ən yaxşılardan hesab olunur. Çətin də olsa, səhiyyə işçiləri bunun öhdəsindən gəlməyi bacarırlar.

Artıq virusun sürətlə yayılmasının qarşısı alınıb. Ümid edirəm ki, qarşıdakı günlərdə azalmanın da şahidi olacağıq. Bizə ancaq mütəxəssislərin dediklərinə əməl etmək qalır. Belə olsa, tezliklə normal həyatımıza qayıdacağıq”.

Digər Xəbərlər
Xəbər Lenti