COP29

"Qarabağ"ın xoşbəxti: "Məni nə vaxt milliyə çağırsalar…"

29 May 14:20 Qarabağ 1 059
"Qarabağ"ın xoşbəxti: "Məni nə vaxt milliyə çağırsalar…"

Sportinfo.az xəbər verir ki, "Qarabağ"ın futbolçusu Abbas Hüseynov sualları cavablandırıb.

28 yaşlı müdafiəçi mükafatlandırma mərasimindən sonra Ağdam təmsilçisində növbəti dəfə çempion olmasından, avrokuboklardakı hədəflərdən danışıb.

Cinah oyunçusu iki il Azərbaycan millisinə dəvət almamasından da söz açıb.

- Altıncı dəfə "Qarabağ"la Azərbaycan Premyer Liqasının qalibi oldunuz. Təəssüratlarınız necədir?
- Bu ailənin bir üzvü, parçası olduğum üçün xoşbəxtəm. İnanılmaz hisslərdir. Hər azərbaycanlı futbolçuya bu anları yaşamağı arzulayıram.

- Sizcə, budəfəki çempionluq digərlərinə nisbətən daha asan başa gəldi? Digər komandalar rəqabətdə sizə çox uduzdular.
- Mən belə deməzdim. Elə oldu ki, biz yaxşı oynadıq. Məğlub olduğumuz qarşılaşmalar da var idi. Şükürlər olsun ki, vaxtından əvvəl çempionluğu təmin etdik. Növbəti ildə də bu titula sahib çıxmaq istəyirik.

- Zədənizi sağaldandan sonra baş məşqçi Qurban Qurbanov sizə start heyətində tez-tez şans verir. Növbəti mövsüm əsas "11-lik"də yer almaq üçün çalışacaqsınız?
- Qurban müəllimə bunun üçün təşəkkür edirəm. Zədədən sonra güvənir, şans verir. Mən də özümü yaxşı tərəfdən göstərmək üçün əlimdən gələni edirəm. İnanıram ki, növbəti mövsüm daha da güclənəcəyəm və əsas heyətin dəyişməz üzvü olacağam.

- İyulda avrokuboklarda mübarizəyə start verəcəksiniz. Komandanın növbəti mövsüm Avropada hədəfi nə olacaq?
- Artıq Avropada hər ölkənin komandaları futbol oynamağı bacarırlar. Əsas istəkdir. İstəyimiz olsa, yaxşı nəticələr əldə edə bilərik. Necə ki, bu mövsum bunu göstərmişik.

- Zədəyə görə iki il Azərbaycan millisindən də kənarda qalmısınız. Artıq geri dönmək haqqında düşünürsünüz?
- Əlbəttə. Növbəti ay toplanışa dəvət almaq istəyirəm. Yığmada oynamaq hər futbolçunun arzusudur. Fəxr edirəm ki, azərbaycanlıyam. Nə vaxt çağırsalar, ürəklə oynayacağam. İnanıram ki, Arif Əsədov mənə də dəvət göndərəcək. Zədədən qayıdandan sonra daha güclü olduğumu sübut etmək niyyətindəyəm.

Digər Xəbərlər
Xəbər Lenti