COP29

"Qarabağ" 10 nəfərlə Avropada MÖHTƏŞƏM TARİX YAZDI!

23 Fevral 00:23 Qarabağ 918
"Qarabağ" 10 nəfərlə Avropada MÖHTƏŞƏM TARİX YAZDI!

“Qarabağ” tarixində ilk dəfə avrokubokların 1/8 finalına yüksəlib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan çempionu Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın “Braqa” klubunu üstələyərək, bunu reallaşdırıb.

Səfərdə 4:2 hesablı qələbə qazanan Ağdam təmsilçisi Tofiq Bəhramov adına Respublika stadionundakı cavab qarşılaşmasında 2:3 hesabı ilə uduzsa da, mərhələni adlamağı bacarıb.

Birinci hissədə qapılara qol vurulmayıb. 57-ci dəqiqədə “Qarabağ” meydançada azlıqda qalıb. Müdafiəçi Elvin Cəfərquliyev qırmızı vərəqə alıb.

Say üstünlüyündən istifadə edən qonaqlar 70-ci dəqiqədə hesabı açıblar. Rocer Fernandes yaxın məsafədən çərçivəni dəqiq nişan alıb. “Braqa” 83-cü dəqiqədə ikinci qolu vurub. Bu dəfə Alvaro Calo fərqlənib.

Portuqaliyalılar 90 dəqiqəni 2:0 hesabı ilə öndə tamamlayıblar. Ümumi hesab 4:4 olduğundan, əlavə 30 dəqiqə oynanılıb.

102-ci dəqiqədə Mateus Silva fərqlənərək, “Qarabağ”ı ümumi hesabda önə keçirib. Lakin 115-ci dəqiqədə Simon Banza penaltini dəqiq yerinə yetirərək, görüşdə hesabı komandasının xeyrinə 3:1-ə çatdırıb.

Ancaq təslim olmayan Azərbaycan çempionu 120+2-ci dəqiqədə növbəti mərhələni gətirən qolu vurub.

Nəriman Axundzadə qapıçı ilə təkbətək şansı əldən verməyib. Nəticədə təmsilçimiz 2:3 hesabı ilə məğlub olsa da, ümumi hesabda 6:5 qalib gəlib.

Beləliklə, “Qarabağ” Azərbaycan futbol tarixində avrokubokların 1/8 finalına yüksələn ilk klub olub. Bu mərhələnin oyunları martın 7-də və 14-də keçiriləcək.

"Qarabağ" (Azərbaycan) - "Braqa" (Portuqaliya) 2:3

Qollar: Mateus Silva, 102, Nəriman Axundzadə, 120+2 - Rojer Fernandes, 70, Alvaro Djalo, 83, Simon Banza, 115 (pen)

Qırmızı vərəqə: Elvin Cəfərquliyev, 55 ("Qarabağ")

Baş hakim: Georgi Kabakov
Yan xətt hakimləri: Martin Marqaritov, Diyan Valkov
Dördüncü hakim: Nikola Popov
VAR: İvaylo Stoyanov
AVAR: Draqomir Draqanov (Hakimlər briqadası Boqlarıstandandır)
Hakim-inspektor: Petteri Kari (Finlandiya)
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu

"Qarabağ": 99. Andrey Lunyov, 6. Julio Romao, 7. Yassin Benzya, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 18. Olavio Juninyo, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev. 55. Bədavi Hüseynov (k).

Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 2. Mateus Silva, 5. Maksim Medvedev, 17. Hamidu Keyta, 19. Redon Cica, 24. Aleksey İsayev, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 66. Patrik Andrade, 81. Kevin Medina, 90. Nəriman Axundzadə.
Baş məşqçi: Qurban Qurbanov.
"Braqa": 1. Mateus, 2. Viktor Qomes, 4. Siku Niakate, 9. Abel Ruis (k), 11. Rocer Fernandes, 15. Paulo Oliveyra, 16. Rodriqo Salasar, 22. Pitsi, 23. Simon Banza, 26. Kristian Borxa, 28. Joao Moutinyo.
Ehtiyat oyunçular: 12. Tiaqo Sa, 91. Lukaş Horniçek, 5. Sərdar Saatçı, 6. Xose Fonte, 7. Bruma, 10. Şer Ndur, 14. Alvaro Djalo, 17. Yosafat Mendes, 18. Vitor Karvalyo, 20. Roni Lopes, 55. Çissumba, 90. Djibril Sumare.
Baş məşqçi: Artur Jorje.
Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!