COP29

“Qarabağ”ın yola salmaq istədiyi məşhurla bağlı SON DURUM

24 Sentyabr 2023 20:20 Qarabağ 7 846
“Qarabağ”ın yola salmaq istədiyi məşhurla bağlı SON DURUM

“Qarabağ” Qurban Qurbanovun xidmətində maraqlı olmadığı futbolçulardan birini yola saldı.

Qaspar Panadero İspaniyaya qayıtsa da, Adama Diakabi hələ ki Bakıdadır.

Bu ilin əvvəlində “köhlən atlar”la 2025-ci ilin yayına qədər sözləşmə imzalayan 27 yaşlı vinger cari Premyer Liqa mövsümündə 4 oyunda 2 qol vurmağı bacarsa da, baş məşqçi fransızın xidmətində maraqlı deyil.

Elə buna görə də adı Avropa Liqasının qrup mərhələsi üçün nəzərdə tutulan sifariş ərizəsinə salınmadı.

Bu azmış kimi, “Səbail” və “Sabah”la son çempionat qarşılaşmalarında da şans qazanmayıb. Düzdür, adı “23-lüy”ə salınıb, ancaq sona qədər ehtiyatda qalıb.

Ağdamlıların son 4 matçında 1 dəqiqə də olsun şans qazanmayan Diakabinin gələcək taleyi maraq doğurmaya bilməz. Hər halda kifayət qədər tanınan isimdir və klubdakı məvacibi heç də az deyil.

Səbəbkarla bağlı hansı qərarın qəbul olunduğunu, yaxud olunacağını öyrənmək üçün “Qarabağ”ın mətbuat katibi Anar Hacıyevlə əlaqə saxladıq:

“Adama Diakabi əsas komanda ilə məşqlərini davam etdirir və qarşıdakı oyuna hazırlaşır. Adı Avropa Liqasının sifariş ərizəsinə salınmasa da, Premyer Liqa görüşlərində “23-lük”də yer alır.

Bu günə olan məlumat budur ki, futbolçu “Qarabağ”dadır. Baş məşqçimiz şans verəcəyi təqdirdə oynayacaq. Başqa hansısa yenilik olarsa, bu barədə ictimaiyyətə xəbər veriləcək”.

Vaxtilə ”Monako”da Kilian Mbappe ilə çiyin-çiyinə çıxış etmiş və transfer qiyməti 60 milyon avroyadək yüksələn Diakabi “Qarabağ” formasında meydana çıxdığı 18 oyunda 786 dəqiqə meydanda olmaqla 2 qola imzasını yazdırıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 21:20 Mahir Emreli nəsə edib?