“Kadi ilə danışırıq və görürəm ki...” – “Qarabağ”dakı ən yaxın dostu

28 Yanvar 2023 21:20 Qarabağ 2 969
“Kadi ilə danışırıq və görürəm ki...” – “Qarabağ”dakı ən yaxın dostu

“Kadi Borgeslə çox yaxın dost idik, hətta qardaş dostluğu deyərdim. Meydandan kənarda xoş və maraqlı günlər keçirirdik”.

“Qarabağ”ın futbolçusu Leandro Andrade Sportinfo.az-a açıqlamasında Ağdam təmsilçisini “Krasnodar”a dəyişən sabiq komanda yoldaşı ilə münasibəti haqda danışıb.

Kadi ilə Leandro həm futbolçu kimi yoldaşlıq edirdi, həm də xanımları vaxtlarının böyük hissəsini birlikdə keçirirdi. Bunu onların sosial şəbəkə hesablarında paylaşdıqları şəkillərdən də görmək mümkün idi.

Təbii, Borgesin Azərbaycanı tərk etməsi Andradeni də məyus edib. “15 nömrə” braziliyalıya gələcək karyerasında uğurlar arzulasa da, onun haqda danışarkən mimikasından təəssüf hissi keçirdiyini anlamaq çətin deyildi:

“Hazırda qarışıq hisslər keçirirəm. Elə hisslərdir ki, sözlə ifadə olunması çətindir. Üzülürəm ona görə ki, yaxın dostlarımdan birindən uzaq düşdüm.

Sevinirəm ona görə ki, o, getdiyi yerdə də burada olduğu kimi özünü xoşbəxt hiss edir. Danışırıq və görürəm ki, işləri qaydasındadır. Və bu, məni sevindirir.

Futbol həyatı belədir, bu gün buradasan, sabah başqa yerdə. Bəlkə də nə vaxtsa yenidən eyni komandada çıxış edəcəyik. Əsas odur münasibətimiz və qarşılıqlı hörmətimiz qalır”.

Leandro Andrade Kabo Verde millisinin şərəfini qorusa da, Portuqaliyada anadan olub və peşəkar karyerasına da bu ölkədə başlayıb.

Kadi Borges isə 2019-2021-ci illər aralığında Portuqaliyada legioner həyatı yaşayıb.

Digər Xəbərlər
Xəbər Lenti