Çox üstlərinə gedəcəyik, bunu da dağıdıb, təzə bir "şanapipik" komanda düzəldəcəklər

19 Fevral 2021 23:00 Qadın futbolu 727
Çox üstlərinə gedəcəyik, bunu da dağıdıb, təzə bir "şanapipik" komanda düzəldəcəklər

Qadınlardan ibarət futbol yığmamız ispanlara 0:13 hesabı ilə məğlub olub.

Ağır nəticədi. Nəticədən ziyadə komandamız rəqib qapısına bir zərbə belə endirməyib, demək olar ki, heç nə ilə yadda qalmayıb.

Mənim tənqid edə biləcəyim yeganə məqam məhz budu - mübarizliyin olmaması. Nəticə isə heç bir əhəmiyyət kəsb eləmir.

Niyə?

Öz sualıma daha bir sualla cavab verim: biz ispanları niyə udmalıydıq ki? Bizim Avropadakı kimi qədim qadın futbolu ənənələrimiz var, böyük turnirlərdə qələbələr qazanmışıq, oyunçularımız nə vaxtsa böyük klublarda, böyük arenalarda xarüqələr yaradıb?

Yox!

Biz nə vaxt qadın futbolunu ciddiyə alıb, ona ciddi, təməlli, sistemli yanaşıb, mütəmadi diqqətdə saxlayıb inkişafı üçün çalışdıq ki, qeydə alınan bu nəticədən də məyus olaq? Hə, məyusuq, amma nəticə yox, səbəbə məyus olmalıyıq.

Təxminən 10 il əvvəl Röya Kərimli ilə birlikdə "çəhrayı dalğa" haqqında qadın futbolumuzu silkələyən yazı (araşdırma, xəbər, nə deyirsizsə deyə bilərsiz buna) yazmışdım.

Aləm dəymişdi bir-birinə. Bilmirəm o səbəb oldu, ya onu bəhanə etdilər, nə oldusa, bir qədər də məğlubiyyətlər sıralandı, götürüb millini ləğv elədilər.

Bir müddət sonra da bərpa edib doldurdular legioneri: ispan, türk, rus, nə bilim, gürcü, hər cür millətdən yığıb alabəzək, keyfiyyətsiz, hörmətsiz bir şey düzəltdilər.

Heyət dəyişdi, nəticə dəyişmədi. Gələn də vurdu, gedən də. İndi heyətə baxdım, azı 70 faizi özümüzünkülərdi. Əsas da budu.

Qoy, oynasınlar. Çox üstlərinə gedəcəyik, bunu da dağıdıb təzə bir şanapipik komanda düzəldəcəklər, bizə də "qoz" qoymayacaqlar, qalacağıq deyinə-deyinə.

Olan bizə, hazırda millidə olan, onların yerinə gəlməyi arzulayan qızlara olacaq. Yeganə tələbimiz mübarizlik, ən azında özümüzə bab ölkələrlə oyunlarda əzmkarlıq olmalıdı. Başqa heç nə.

Bir də ki, bu nə maksimalizmdi? Hər sahədə beləyik. Biz qarpız yetişdirirksə, mütləq ən dadlı qarpız bizimki olmalıdı, ikinci olsaq, faciədi.

Hara daş atırsan, dünya və Avropa çempionuna dəyir. Qaça-qaça gəlib dombalaq aşma üzrə 600 dənə dünya çempionumuz olmamış olmaz.

Bu nə idealçılıq, idealistlik həvəsidi? Mütləq elə hər ilin sonunda "bu il idmançılarımız beynəlxalq yarışlardan 500 qızıl, 500 gümüş, 500 də bürünc medal gətiriblər" deməliyik?

Qardaş, biz nə ölkəyik ki belə?

Dünya xəritəsinə barmaq bassaq, ölkəmiz o barmağın altında qalar, ondan böyük olmaz. Niyə biz mütləq hər Olimpiadadan 50 dənə medal gətirməliyik? Onda Rusiya, ya ABŞ, ya Çin neyləsin?

Biz bu 50 medal üçün nə etmişik ki?

Yanaşma, baxış bucağı dəyişməlidi. Ənənəvi, həqiqətən ciddi yanaşılan, uğur qazana biləcəyimiz, sərmayə yatırılan növlərdən (məsələn, elə həmin kişi futbolumuz) işlərdən möhkəm yapışaq, real nəticələr istəyək.

Yoxsa ki, xizəkçi gətiririk gedir dağdan yıxılır qol-qıçını sındırır, üzgüçümüz finişə çatmır və s.

Haramız düzdü ki?

Kənan Məstəliyev

Digər Xəbərlər
Xəbər Lenti