«Neftçi»də 3 günlük istirahət başa çatıb.
«Dinamo» (Minsk) ilə Bolqarıstanda keçirilən Konfrans Liqasının ikinci mərhələsinin cavab görüşündən sonra sərbəst buraxılan komanda bu gün bir araya gəlib.
Bakıxanov qəsəbəsində yerləşən bazada yığışan kollektiv Premyer Liqanın yeni mövsümünün hazırlıqlarına start verib.
Məşqdən öncə Yuri Vernidub futbolçularla toplantı keçirib.
Çalışdırıcı avrokuboklardakı uğursuz çıxışla bağlı öz fikirlərini bildirib, nəticədən məyusluğunu dilə gətirib.
Ukraynalı mütəxəssis Belarus təmsilçisindən güclü olduqlarını, fərdi səhvlər üzündən mübarizəni erkən başa vurduqlarını iddia edib.
O, ad çəkmədən deyib ki, bir neçə futbolçu bu matçlarda çox pis təsir bağışlayıb. 60 yaşlı sükançının fikrincə, bu üzüntünü unutmaq çətin məsələdir, ancaq dünəndə ilişib qalmaq olmaz, irəli baxmaq lazımdır, çünki qarşıdan Premyer Liqa gəlir.
Vernidub Konfrans Liqasına erkən vidanın «Neftçi» azarkeşlərində böyük məyusluq yaratdığını xatırladıb, ölkə çempionatında qazanacaqları yaxşı nəticələrlə bunun əvəzini çıxmalı olduqlarını diqqətə çatdırıb.
SPORTİNFO.AZ
