«Neftçi»nin başbilənləri kadr islahatları aparmağı planlaşdırır.
Avrokuboklara qayıdışının uğursuz alınması səbəbindən.
Bəzi radikal qərarların verilməsi gözlənilir.
Son məlumatlara görə, Ceng Sümerin baş icraçı direktor postunu itirməsi gündəmdədir. 2024-ci ilin iyunundan burada həmin vəzifəni tutan türkiyəli funksionerin işindən ciddi narazılıq var.
Onun özüylə bərabər gətirdiyi skautların da klubdan göndəriləcəyi deyilir.
Çünki Yuri Vernidub transfer strategiyası ilə bağlı görülən işlərdən narazıdır. Baş məşqçi bu istiqamətdə aparılan fəaliyyətdən şikayətini artıq ali rəhbərliyə çatdırıb.
Saytımız bu yöndə yeni məlumatlar əldə edib. Redaksiyamıza daxil olan informasiyaya görə, Müşahidə Şurasının (MŞ) üzvləri arasında bununla bağlı geniş müzakirə aparılıb.
Komandanın nəticələrinə məsul şəxslərdən 1-2 nəfərin vəzifəsindən uzaqlaşdırılması gündəmdədir.
Ola bilər ki, ya bu gün, ya da qarşıdakı günlərdə konkret addımlar atılsın.
Bir daha yada salaq ki, ötən həftəsonu «Neftçi»də fövqəladə iclas keçirilib. Toplantı klubun Bakıxanov qəsəbəsində yerləşən bazasında təşkil olunub.
İki saata yaxın davam edən yığıncaq Müşahidə Şurasının bəzi üzvlərinin iştirakıyla baş tutub.
Burada komandanın Konfrans Liqasıyla erkən vidalaşması masaya yatırılıb, uğursuzluğun səbəbləri ətrafında geniş fikir mübadiləsi aparılıb, müxtəlif ehtimallar üzərində dayanılıb.
Klubun idarəçilərinin fəaliyyəti, gördüyü transfer işləri şura təmsilçiləri tərəfindən haqlı olaraq bəyənilməyib.
Yayda alınan yeni futbolçuların «Neftçi»nin səviyyəsinə uyğun gəlmədiyi, komandanın zəif çıxışında «pay» sahibi olduqları vurğulanıb.
Diqqətə çatdırılıb ki, kollektivə hər cür şərait yaradılıb, məşqçi və futbolçuların bütün istəkləri yerinə yetirilib, bütün bunların qarşılığında nəticə yoxdursa, azarkeşlər məyusdursa, mütləq günahkarlar tapılıb üzə çıxarılmalı, müvafiq cəza tədbirləri görülməlidir.
Bakılılar Konfrans Liqasının ikinci təsnifat mərhələsində çıxışını dayandırıb. Minsk «Dinamo»su ilə Bakıda keçirilən ilk oyun 2:4 hesablı məğlubiyyətlə nətticələnib.
Belaruslular Bolqarıstandakı cavab görüşündə uduzsa da (0:1), daha yaxşı top fərqinə görə mərhələ adlayan tərəf olub.
Qatıldığı yarışda qrup mərhələsinədək irəliləmək hədəfi ilə yola çıxan «ağ-qaralar» beləcə, məqsədinə doğru heç bir addım ata bilməyib.
SPORTİNFO.AZ

