Azərbaycandan ayrılan futbolçu Konfrans Liqasında fərqlənib.
Ötən mövsümün ikinci yarısında “Qəbələ”nin uğurları üçün tər tökmüş Seydina Keyta qol vurub.
Sözügedən turnirin 2-ci mərhələsinin ilk qarşılaşması çərçivəsində Litvada “Tobol”u qəbul edən “Panevejis” meydanı 1:1 hesablı heç-heçə ilə tərk edib.
Meydana start heyətində çıxan 33 yaşlı mərkəz müdafiəçisi 45-ci dəqiqədə künc zərbəsindən ötürülən topu qapıdan keçirməklə cari mövsümdəki debüt matçında fərqlənib.
Beləliklə, Keyta ayrı-ayrı vaxtlarda üçüncü dəfə şərəfini qoruduğu “Panevejis”in yeganə qolunu vurub.
Seneqallı futbolçu “Qəbələ” ilə yanvarda 6 aylıq müqaviləyə imza ataraq qırmızı-qara formada meydana çıxdığı 19 oyunda 3 qol vurub, 1 məhsuldar ötürmə verib.
“Qəbələ” yay fasiləsində Seydina ilə yeni müqavilə bağladığına dair anons versə də, çox keçmədən futbolçunun istəyi ilə sözləşmənin qarşılıqlı razılıq əsasında pozulduğunu açıqlamışdı.
HƏBİB / SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN
