Azərbaycanın U-18 qızlardan ibarət basketbol millisi FIBA Avropa çempionatının B divizionunda qrup mərhələsinin üçüncü oyununu keçirib.
Sportinfo.az xəbər verir ki, komandamız Rumıniyanın Tulça şəhərində Niderland yığmasına 72:79 hesabı ilə məğlub olub.
Qarşılaşmaya uğurlu başlayan millimiz ilk periodu 23:13 hesablı üstünlüklə tamamlayıb. Azərbaycan yığması böyük fasiləyə də öndə yollanıb - 35:34. Lakin rəqib komanda ikinci hissədə hesabı dəyişərək qələbə qazanıb.
Millimizin heyətində dörd basketbolçu ikirəqəmli xal göstəricisinə çatıb. Angelina İsmayılova 22 xal və beş topalma ilə komandanın ən məhsuldar oyunçusu olub.
Polina Şçukina 21 xal, 10 ribaund, dörd məhsuldar ötürmə və dörd topalma ilə fərqlənib. Leyla Allahverdiyeva 12 xal, səkkiz ribaund və üç məhsuldar ötürmə, Deniz Gökçöl isə 11 xal, üç ribaund və iki topalma ilə oyunu başa vurub.
U-18 millimiz qrup mərhələsində son qarşılaşmasını İslandiya yığmasına qarşı keçirəcək. Görüş 5 avqust saat 17:00-da Tulçada başlayacaq.

