“Qarabağ” səfər planında dəyişiklik müşahidə olunmaqdadır.
Avrokubok matçları zamanı Avropa ölkələrinə oyundan iki yox, bir gün əvvəl yollanır.
Bu, baş məşqçi Qurban Qurbanovun istəyidir.
“ÇSKA” ilə qarşılaşma üçün bir gün əvvəl Bolqarıstana yola düşən nümayəndə heyəti bu dəfə “Dinamo Kiyev”lə duel üçün avqustun 5-də vətəni tərk edəcək.
Əvvəlki illərdə, hətta cari mövsümdə “Vestri” ilə səfər görüşü zamanı “Qarabağ” vətəndən iki gün əvvəl ayrılmışdı.
Burada başlıca məqsəd uzaq məsafəli uçuşlar zamanı futbolçuların yorğunluğu canından atması və fərqli iqlimə malik ölkəyə uyğunlaşmasıdır.
Bolqarıstan və Polşa kimi ölkələrə səfərlər təyyarə ilə 3-4 saat zaman alır. Bu, məsələnin bir tərəfidir.
Digər tərəfi Qurbanovun yolda itirilən vaxtı komandanın hazırlığına ayırmaq istəməsidir. Komanda oyundan iki gün əvvəl səfərə yola düşəndə həmin gün itmiş hesab olunur.
Lakin Bakıda qalanda, həm komanda məşq edir, həm də qarşıdakı matçla bağlı təhlillər, söhbətlər aparılır.
Heyətdə köklü dəyişikliklər baş verdiyindən, təcrübəli çalışdırıcı hər kiçik detala diqqət yetirməklə vaxtdan səmərəli yararlanmağa çalışır.
Odur ki, “köhlən atlar” oyundan bir gün əvvəl, avqustun 5-də çarter reysi ilə Bakıdan Lublinə uçacaq. Ertəsi Qurban Qurbanovun mətbuat konfransı, eləcə də “Qarabağ”görüşöncəsi son məşqi baş tutacaq.
Avqustun 6-da “Lublin Arena”da keçiriləcək oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq və “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.
Cavab matçı avqustun 13-də Bakıda gerçəkləşəcək.
HƏBİB / SPORTİNFO.AZ

