"Neftçi"nin baş məşqçisi belə də dedi: "Təəssüf, bacarmadıq"

08:20 Qadın futbolu 84
"Neftçi"nin baş məşqçisi belə də dedi: "Təəssüf, bacarmadıq"

"Neftçi"nin qadın futbolçulardan ibarət komandası UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində PAOK-a (Yunanıstan) müdafiədəki səhvlər səbəbindən məğlub olub.

Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında komandanın baş məşqçisi Siyasət Əsgərov deyib:

O, rəqibin gücünə bələd olduqlarını bildirib:

"Oyundan öncə PAOK-un yarımfinal və digər matçlarını izləyib təhlil etmişdik. Onların keyfiyyətli komanda olduğunu, son dövrdə yaxşı transferlərlə heyəti gücləndirdiklərini bilirdik. Məşqlərdə də hazırlığı rəqibin oyun planına uyğun qurmuşduq. Təəssüf ki, müdafiədə buraxdığımız səhvlər qapımızda qollarla nəticələndi. Bu da komandada psixoloji düşkünlük yaratdı. Qısa zamanda toparlanmaq istəsək də, lüzumsuz yerdə penaltiyə səbəb olduq və rəqib fərqi iki topa çatdırdı".

Mütəxəssis ikinci hissədə vəziyyəti dəyişməyə çalışdıqlarını qeyd edib:

"Fasilədən sonra daha təşəbbüskar və istəkli idik. Aqressiv oynamaq, hücum xəttində dəyişikliklər edərək cavab qolu vurmaq istəsək də, alınmadı. Önə atıldığımız üçün müdafiə xəttində boşluqlar yarandı və rəqib bundan istifadə edərək üçüncü qolu vurdu. Tarixi nəticə qazanmaq istəyirdik, təəssüf ki, bacarmadıq. Amma bu o demək deyil ki, sonra da olmayacaq. Daha yaxşı komanda formalaşdırıb qrup mərhələsini keçmək olar. Çünki "Buduçnost"la oyunda qələbə qazanmışdıq. Komanda həvəsli idi. Səhvlərimiz üzərində işləməli, gələcəkdə UEFA Çempionlar Liqasına daha yaxşı hazırlaşmalıyıq. Növbəti ildə ölkə çempionu olsaq, turnirə fərqli hazırlaşacağıq. Bu yarış qızlara çox yaxşı praktika qazandırdı. Düşünürəm ki, gələcəkdə komandamız üçün faydalı olacaq".

Turnirin I təsnifat mərhələsində "Neftçi" Monteneqro təmsilçisi "Buduçnost"u əsas və əlavə vaxtı qolsuz bərabərliklə bitən matçın penaltilər seriyasında (4:3) məğlub edib. Komanda II təsnifat mərhələsində PAOK-a 0:3 hesabı ilə uduzub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
27 İyul 18:10 Çək və bizə göndər!