“Fənərbaxça” ilə “Milan” arasında portuqaliyalı vinger Rafael Leaonun transferi ilə bağlı aparılan danışıqlar hələlik nəticəsiz qalıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 27 yaşlı futbolçu illik 12 milyon avro maaş tələb edib və Türkiyə klubu bu şərtlə razılaşıb.
Ancaq tərəflər transfer məbləği ilə bağlı ortaq məxrəcə gələ bilməyiblər.
“Milan” əvvəlcə Leao üçün 60 milyon avro tələb etsə də, sonradan bu məbləği 50 milyon avroya endirməyə hazır olduğunu bildirib.
Buna baxmayaraq, “Fənərbaxça” bu rəqəmi də yüksək hesab edir və maksimum 40 milyon avro ödəməyə razıdır.
Hazırda tərəflər arasında danışıqlar davam etsə də, transferin baş tutması üçün klubların maliyyə məsələsində razılığa gəlməsi vacibdir.
Portuqaliyalı futbolçunun “Milan”la müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir. “Transfermarkt” portalı onun dəyərini 50 milyon avro olaraq qiymətləndirir.
