Əliyar Ağayevin “Turan Tovuz” – “Zirə” matçında yol verdiyi səhvlər ciddi müzakirələrə yol açdı.
Azərbaycan kubokunun ilk yarımfinal oyunu çərçivəsində Sumqayıtda baş tutan görüşdə tovuzluların xeyrinə iki dəfə 11 metrlik cərimə zərbəsini verməyən elit kateqoriyalı referinin qərarlarını AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov şərh etdi.
Həsənov Əliyarın hər iki epizodda penalti nöqtəsini göstərməli olduğunu açıq şəkildə bildirdi.
Bəli, hər iki vəziyyətdə “Turan Tovuz”un xeyrinə “nöqtə” göstərilməliydi.
Bir neçə ay əvvələ qayıdaq.
Dekabrın 20-də, 16-cı turda keçirilən “Karvan-Yevlax” – “Neftçi” matçının 45+8-ci dəqiqəsində qonaqların müdafiəçisi İqor Ribeyro hava mübarizəsi zamanı əlini yana açıb rəqib oyunçunun üzünə zərbə endirdiyinə görə elə həmin Əliyar Ağayev “ağ-qaralar”ın qapısına penalti təyin etmir, İqora sarı vərəqə göstərmişdi.
Rəhim Həsənov epizodu şərh edəndə Əliyarın səhvə yol verdiyini dilə gətirmişdi.
İkinci epizod, Qismət Alıyevin Roderik Millerin ayağını tapdadığı an.
Qismət topu uzaqlaşdırmaq istəyərkən öncə topa toxunur, daha sonra rəqib futbolçunun ayağın tapdayır.
Əliyar Ağayevin “davam” qərarı komitə tərəfindən “yanlış qərar” kimi təqdim olunaraq penalti nöqtəsinin göstərilməsinin vacibliyi bildirilir.
Elit kateqoriyalı hakimin üzləşdiyi durum və münasibət ortaya müəyyən suallar çıxarır.
Yevlaxdakı qərarına görə səhv etdiyi deyilən adam bu dəfə də penalti qərarını versəydi, Rəhim Həsənov buna görə onu qınamayacaqdı? Deməyəcəkdi ki, 4 ay əvvəl oxşar epizoda görə “penalti olmamalıdır” şərhini vermişdim, niyə növbəti dəfə eyni qərarı verdin?
Qısası, hakimliklə, xüsusilə Əliyar Ağayevlə bağlı mənzərə acınacaqlıdır. Azərbaycanın bir nömrəli futbol hakiminə qarşı bu cür münasibətin arxasında nələrin və niyə dayandığını yəqin ki, lazımi şəxslər bilir.
Biz müəyyən etməkdə çətinlik çəksək də.
HƏBİB / SPORTİNFO.AZ

