«Şəfa» Premyer Liqaya vəsiqə qazanandan bəri bir sıra ciddi problemlər yaşayır.
Komandanı I Liqanın çempionu edən futbolçuların xeyli hissəsi artıq düşərgəni tərk edib.
Seymur Rəhimov, Elvin İsmayılov, İbrahim Əliyev, Hüseyn Mürsəlov, Aqil Nəsibov, Amir Ebrahimzade, Əli Həsənli, Zahid Mərdanov, Emin Zamanov, Novruz Məmmədov, Aqşin Paşayev, Urfan İsmayılov, Vüqar Həsənov, Ruslan Hacıyev və Pərviz Azadov düşərgədən yola salınıb.
Müqaviləsi davam edən bir neçə futbolçu var ki, rəhbərlik onları da birtəhər göndərmək istəyir. Onlardan biri də Ədlixan Qaraəhmədovdur.
Vaxtilə «Səbail»in formasını geyinmiş yarımmüdafiəçinin kontraktı 2027-ci ilin yayında bitəcək. Paytaxt təmsilçisi aylıq maaşı 6000 manat olan Qaraəhmədovun təzminatını tam ödəmək niyyətində deyil.
Ona cəmi 3 aylıq əməkhaqqı miqdarında kompensasiya təklif olunub.
Bununla razılaşmayan oyunçu isə vitse-prezident Əfran İsmayılovun göstərişi ilə əvəzedici heyətə göndərilib. Bu hadisə deməyə əsas verir ki, 1 aydan artıqdır görəvdə olan funksioner baş məşqçinin işinə, səlahiyyətlərinə qarışır.
Əfran İsmayılov pul üstündə həmişə dava edən futbolçulardan biri olub. Karyerasında sonuncu dəfə «Kəpəz»in formasını geyinib, oradan da təzminat qalmaqalı ilə ayrılıb.
Həyatın gərdişinə bax: dünənə qədər pula görə klublarla problem yaşamış adam indi özü futbolçuların haqqını tam vermək istəmir, müxtəlif yollara əl atır.
SPORTİNFO.AZ

