Rəvan Həmzəzadə Masazıra «Qarabağ»ı saxlamağa gəlmişdi.
Nə olur-olsun, «Qarabağ» kubokla yarımfinal mərhələsində vidalaşmalı idi.
Bundan ötrü, o, hər şeyə getdi.
Mateuş Koxalskiyə göstərilən birbaşa qırmızı vərəqə.
Bu, referinin birinci ən böyük yanlış qərarıdır.
Polşalı qapıçıya ən pis halda «sarı» göstərə bilərdi. Onu fasilədən bir qədər meydandan qovmaqla, «Qarabağ»ın qəsdinə dayandı.
Rəvanın qələti bununla bitmədi.
Kamillo Duranın cərimə meydançası daxilində qapı səmtinə göndərdiyi topun Velko Simiçin əlinə dəyərək yönünü dəyişməsi - Masazırdakı duz gölünün sahilindən də göründü ki, bu, tərtəmiz penaltidir.
VAR-dan nə dedilər, nə demədilər, referi «Qarabağ»ın lehinə o vuruşu təyin etmədi.
Rəvan üçün burada kimin qalib gəlməsinin bir önəmi yoxdursa, niyə «Qarabağ»ın taleyi ilə çilinc-ağac oynadı?
Ona nə düşmüşdü ki, gözünün düz qabağında qeydə alınan qayda pozuntusunda fitini dilləndirmədi?
Yaramazlığın dibindən xəbər verdi bu qərarlar.
AFFA-dan xahiş eləmirik, tələb edirik - hakimlər arasında söhbətin səs yazısını çıxarsınlar üzə. Qoy, ictimaiyyət eşitsin ki, onlar bu epizodlarla bağlı nə danışıblar.
Hakimlər Komitəsi səs yazısını gizlətsə, demək ki, burada art məqsəd güdüblər, ifşadan qorxurlar.
KAMİL

