Ard-arda iki qələbə «Karvan» üçün əla nəticədir.
«Qarabağ»a 0:7 hesablı ağır məğlubiyyət «Karvan»ı qəflət yuxusundan oyatdı.
Gecdir amma. Bu qalibiyyətlər üç-dörd tur əvvəl qeydə alınmağa başlasaydı, bəlkə də Premyer Liqada qalmaq şansları olardı.
Hazırkı qələbələr toydan sonra çalınan nağara kimi bir şeydir. Sonuncu pillədən xilas olmaq, pley-off oynamaq… Az inandırıcıdır.
Ancaq «Karvan» istəsə, elitada keçirdiyi son həftələrdə iri miqdarda pul qazana bilər. Yaxşılıq eləyək, klub rəhbərliyinə bunun yolunu göstərək.
Peşəkar Futbol Liqası yerli oyunçulara geniş meydan verən iştirakçılara bonus ödəyəcək. Bildiyimizə görə, həmin məbləğ kifayət qədər böyükdür.
Bu rəqəm 40-50 min manat da təşkil edə bilər, bir neçə yüz min manat da. Hər şey meydana ayaq basacaq azərbaycanlı futbolçuların sayından, neçə dəqiqə orada qalmasından asılıdır.
«Karvan» indi bu istiqamətdə yenilik etsə, iyunda həqiqətən varlana bilər. Bir tərəfdən, büdcəyə pul daxil olacaq, digər tərəfdən, gənclər təcrübə qazanacaq.
Premyer Liqanın havasını udmuş həmin bu cavanlar növbəti mövsümdə I Liqada alqış toplayacaqlar. Bu isə yenidən güclülər dəstəsinə dönmək mənasında «Karvan»a çox üstünlük verəcək.
MUSA

