“Danışmaq istəmirəm” – O, niyə yoxa çıxıb?

20:40 Problem 181
“Danışmaq istəmirəm” – O, niyə yoxa çıxıb?

Rəhim Həsənovun Hakimlər Komitəsinə sədr təyin olunmasından sonra komitədə dəyişikliklər müşahidə olunmaqdadır.

Hakimlərin yol verdiyi səhvlər, ölkənin bir nömrəli futbol referisi Əliyar Ağayevin idarəçiliyində nöqsanların aşkarlanması – bunlar fərqli mövzuların müzakirəsidir.

Sual doğuran məqamlardan biri beynəlxalq dərəcəli hakim, son üç əcnəbi komitə sədrinin dönəmində hakim-inspektorlara cavabdehlik daşıyan şəxsin – Vüsal Əliyevin yoxa çıxmasıdır.

Frits Stuxlik, Barış Şimşek, Frank De Blekerin rəhbərliyi dönəmində hakim-inspektorlarla çalışan, onların bölgüsünə nəzarət edən Vüsal Əliyev, həmin dönəmdə hakimlərin təhsilinə cavabdehlik daşıyan Anar Salmanov, futzal hakimləri ilə məşğul olan Babək Quliyev artıq komitədə çalışmır.

Quliyevlə Salmanov oyunlara hakim-inspektor kimi təyinat alsa da, komitədəki fəaliyyəti məhdudlaşdırılıb. Lap dəqiq desək, indi orada yer almırlar.

Vüsal Əliyev isə ümumiyyətlə qeybə çəkilib. Hətta hakim-inspektor kimi də təyinat almır.

Müəmmaya aydınlıq gətirmək üçün səbəbkarla əlaqə saxlasdıqda aldığımız cavab qısa oldu:

“Bu barədə heç nə danışmaq istəmirəm”.

Əliyev şəxsi işləri, yaxud öz xoşu ilə uzaqlaşsaydı, yəqin ki, verdiyi cavabda hansısa formada hiss etdirərdi. Lakin reaksiyası ilə komitədən uzaqlaş(dırıl)masını açıq-aşkar hiss etdirdi.

İllərini hakimliyə həsr edən, son dövrə qədər komitədə yer alan beynəlxalq dərəcəli hakimin bu gün kənarda qalması xoş hal deyil.

Futbolun, hakimliyin, yaxud futbola bağlı digər sahənin inkişafını istəyiriksə, bu yolda stajlı mütəxəssislərin təcrübəsindən yararlanmaq mütləqdir.

Qol-qanadı kəsib kənara atmaq, yaxud çevrəni tanışlarla zənginləşdirmək inkişaf adına heç nə vəd etmir.

Təbii ki, Əliyevə qarşı bu cür mövqe tutulubsa.

Yox, öz istəyi ilə gedibsə, başqa məsələ.

Fakt faktılığında qalır, Vüsal Əliyev illərini həsr etdiyi sahədə deyil.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti