Azərbaycan futbolu bu gün həm ümidverici inkişaf, həm də köklü struktur islahatlarına ehtiyac duyulan bir keçid dövrünü yaşayır.
Bir FIFA agenti olaraq, prosesləri həm meydandakı taktiki irəliləyişlər, həm də transfer bazarındakı acı reallıqlar prizmasından dəyərləndirməyin tərəfdarıyam.
Çempionatın dinamikası: Artan səviyyə və amansız rəqabət
Azərbaycan Premyer Liqasının cari səviyyəsi və dinamikası əvvəlki illərlə müqayisədə nəzərəçarpan dərəcədə yüksəlib. Bu gün biz meydanda nisbətən daha sürətli, daha gərgin və proqnozlaşdırılması çətin olan bir futbol izləyirik. Liqadakı canlanma təkcə turnir cədvəlinə deyil, oyunun keyfiyyətinə də birbaşa təsir edir. Nəticələri proqnozlaşdırarkən, görürük ki, həm çempionluq mübarizəsi, həm də Avrokuboklara vəsiqə uğrunda yarış son turlara qədər davam edəcək. Bu rəqabət futbolun kommersiya cəlbediciliyini artırmaqla yanaşı, oyunçuların psixoloji hazırlığını da ən yüksək səviyyəyə çatdırır. Bizim əsas hədəfimiz də məhz bu rəqabət mühitindən doğan keyfiyyəti beynəlxalq arenaya daşımaq olmalıdır.
Taktiki dəst-xətt: Məşqçi bacarığının nəticəyə təsiri
Şəxsi qənaətimə görə, müasir futbolda yüksək taktiki biliyi olan və bunu komandaya aşılamağı bacaran məşqçi, Azərbaycan reallığında dərhal öz fərqini və dəst-xəttini göstərə bilir. Bu, həm də sürətli nəticənin açarıdır:
"Sabah": Baş məşqçinin tətbiq etdiyi sistem oyunçu inkişafında inqilabi rol oynayır. Komanda bütün oyunlarda diktə edir və bu üstünlük təkcə oyunçuların səviyyəsi ilə deyil, məşqçinin qurduğu düzgün taktika ilə bağlıdır. Məsələn, əvvəllər meydanda öz oyununu tapmaqda çətinlik çəkən Xəyal Əliyev, hazırda sistemli futbolun və düzgün taktiki tapşırığın sayəsində komandanın ən verimli fiqurlarından birinə çevrilib. Bu dəyişiklikdə taktikayı izah edə bilən məşqçinin əməyi və bunu anlayan oyunçuların qatqısı danılmazdır.
"İmişli": Premyer Liqa təmsilçisinin xüsusilə taktiki gedişləri və meydandakı intizamı ilə seçilməsi diqqətdən yayınmır. Bu, liqadakı ümumi taktiki rəqabətin artmasına müsbət təsir göstərir.
"Kəpəz": Baş məşqçinin fəaliyyəti bizə limitli resurslarla maksimum nə etməyin mümkün olduğunu göstərən bir yol xəritəsidir. Bu, peşəkar yanaşmanın maddi imkanlardan daha üstün ola biləceyin sübutudur. Təbii ki, oyunçu səviyyələri nisbətən aşağı olduqca, nəticələr də buna uyğun dəyişir, lakin sistemli müqavimət göz qabağındadır.
Transfer strategiyasında inqilab: ən uğurlu transfer məşqçidir
Mənim şəxsi fikrimcə, Azərbaycan liqasında ən yaxşı transferlər məşqçilərdir. Biz transfer dedikdə adətən yalnız meydandakı oyunçuları nəzərdə tuturuq, lakin ən uğurlu transfer elə məşqçi transferidir. Doğru məşqçi seçimi kluba bütöv bir inkişaf sistemi gətirir və bütün oyunçuların dəyərini artırır. Eyni zamanda, doğru idarəçi seçimləri də uğur meyarını təmin edən əsas faktorlardandır.
Reallıqlar və rəqəmsal boşluqlar
Buna baxmayaraq, biz hələ də "nəticəyönümlü" transfer yanaşmasının əsiriyik.
Legioner Bazarı: Afrika və Cənubi Amerika bazarları kəşf edilməmiş imkanlarla dolu olsa da, klublarımız gənc potensiallara və skautinq işinə vəsait yatırmaqda tərəddüd edirlər. Nəticəyə fokuslanmaq 18-19 yaşlı istedadların yolunu kəsir.
Yerli gənclər və şəffaf seçim: Eyni problem yerli gənclərimiz üçün də keçərlidir, lakin burada səbəb bir qədər fərqlidir. Yerli klublar onsuzda, gənclərə sistemli şəkildə baxmırlar. Çox vaxt hər hansı şəxslərin tövsiyələri əsasında gənc oyunçunu bəyənir və ya bəyənməyə məcbur qalırlar. Bu subyektiv yanaşmanın əsas səbəbi rəqəmsal dünyada "yox" olmağımızdır. Aşağı liqalarımızın və gənclər liqalarımızın (U-19, U-17) statistikası beynəlxalq platformalarda yoxdur. Video yayımı yox dərəcəsindədir. Halbuki bu datalar və videolar olsa, oyunçular haqqında daha rahat fikir bildirmək və onları əsas heyətlərə cəlb etmək olar. Görünməyən futbolçunu xarici skauta təqdim etmək və ya peşəkar şəkildə dəyərləndirmək qeyri-mümkündür.
Peşəkarlıq səviyyəsi
Təəssüf ki, nəinki gənclərin, hətta bir çox peşəkar (Pro) statuslu oyunçuların belə karyeralarına yanaşmasında ciddi qüsurlar var. Qidalanma, fərdi hazırlıq və mentalitet baxımından hələ də beynəlxalq standartlardan geri qalırıq. Təəssüfk ki, yeni nəsil də bu mənada böyüklərindən geri qalmır Bu da həm yerli bazarda, həm də xarici transferlərdə rəqabət gücümüzü zəiflədir.
Yekun baxış: Azərbaycan futbolu üçün "Master Plan"
Azərbaycan futbolu bu gün bir yol ayrıcındadır. Biz ya köhnə qaydalarla - yalnız tövsiyələr, günlük nəticələr və təsadüfi transferlərlə yolumuza davam edəcəyik, ya da futbolu bir elm və yüksək səviyyəli menecment sahəsi kimi qəbul edəcəyik. Mənim bir FIFA agenti kimi gəldiyim qənaət budur: Uğur təsadüf deyil, düzgün qurulmuş zəncirin nəticəsidir. Bu zəncirin ilk halqası strateji idarəçi, ikinci halqası müasir taktiki biliyə malik məşqçi, üçüncü halqası isə bu sistemə uyğun seçilmiş oyunçudur. Biz fərdlərdən asılılığı azaldıb, sistemi ön plana çəkməliyik. Bəli, statistikamız yoxdur, videolarımız çatışmır, peşəkarlıq səviyyəmiz hələ arzulanan yerdə deyil, amma bu maneələr həm də bizim üçün yeni fürsətlərdir. Azərbaycan futbolunun gələcəyi təkcə meydandakı 90 dəqiqədən yox, həm də o 90 dəqiqəni planlayan beyinlərin keyfiyyətindən asılıdır. Az olan potensialımızı sadəcə doğru idarə etmək cəsarəti lazımdır. Biz bu sistemi qura bilsək, Azərbaycan futbolu qlobal bazarda ciddi bir oyunçuya çevriləcək.
FİFA meneceri Emil Əsədov
Xüsusi olaraq Sportinfo.az üçün

