Bilindiyi kimi, bugünlərdə AFFA ilə “Eyeball” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
AFFA-nın baş katibi Cahangir Fərəcullayev, “Eyeball”ın direktoru Manfred Lerley, milli assosiasiyanın və şirkətin əməkdaşları, eləcə də media nümayəndələri iştirak ediblər.
Fərəcullayev çıxışında bu əməkdaşlığı Azərbaycan futbolu üçün mühüm və perspektivli addım kimi qiymətləndirib. O bildirib ki, rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi dövrdə futbolun da bu imkanlardan faydalanması müasir tələblərdəndir.
Baş katibin sözlərinə görə, müqavilə xüsusilə uşaq və gənclər liqalarında çıxış edən klubların fəaliyyətinə müsbət təsir göstərəcək, məşqçilər və skautlar üçün futbolçular barədə daha ətraflı məlumat əldə etməyə şərait yaradacaq.
Cahangir Fərəcullayev AFFA-nın bu istiqamətdə proseslərə ciddi nəzarət edəcəyini və klublara lazımi dəstək göstərəcəyini vurğulayıb.
“Eyeball” 43 ölkədə fəaliyyət göstərir, Avropada 150 klubla əməkdaşlıq edir. Ümumilikdə isə 3000-dən çox klub və 400 mindən artıq futbolçu ilə çalışır.
Dünya futbolunda gənc oyunçulara maraq getdikcə artır və AFFA ilə əməkdaşlıq bu baxımdan böyük əhəmiyyət daşıyır.
Bu platforma azərbaycanlı yeniyetmə və gənc futblçuların Avropa klubları tərəfindən daha yaxından izlənilməsinə, eləcə də istedadlı oyunçuların legioner əyatı yaşamaları üçün əlverişli şəraitin formalaşmasına töhfə verəcək.

“B” kateqoriyalı məşqçi Zeynalabidin Hüseynov Sportinfo.az-a açıqlamasında bu əməkdaşlığın əhəmiyyətini xüsusi qeyd edib.
Bildirib ki, Cahangir Fərəcullayevin milliyə layiq olmayan futbolçularla bağlı dedikləri həqiqətdir:
“AFFA-nın baş katibi hər șeyi düzgün vurğuladı. Kimlərinsə tanışlıqla, yaxud tapşırıqla yığma komandalara çağırılması halları olub.
Bu, ciddi problemdir. \Sevindiricidir ki, belə bir layihə artıq Azərbaycanda həyata keçiriləcək.
Cahangir müəllimin AFFA-ya gəlișindən sonra bir çox sahədə canlanma hiss olunur. “Eyeball“ sistemini Azərbaycanda tətbiq eləmək buna əyani sübutdur.
Bundan sonra gənc oyunçular daha məsuliyyətli olacaqlar. Mənim fikrimcə, “Eyeball“ futbol analizində ən fundamental və əvəzolunmaz yanaşmalardan biridir.
Bu sistem oyunçuların və ümumiyyətlə, oyunun vizual müşahidə əsasında qiymətləndirilməsinə əsaslanır və futbolun mahiyyətini daha dərindən anlamağa imkan verir.
Çünki futbol dinamik və çoxşaxəli bir oyundur. Statistik göstəricilər müəyyən məlumatlar versə də, onlar oyunun bütün tərəflərini əhatə edə bilmir.
Məsələn, oyunçunun oyunu oxuma qabiliyyəti, meydanda düzgün mövqe tutması, komanda yoldaşları ilə əlaqəsi, qərarvermə sürəti və psixoloji dayanıqlığı kimi amillər əsasən vizual müşahidəylə daha dəqiq qiymətləndirilir.
“Eyeball“ın ən böyük üstünlüyü onun oyunun “görünməyən” tərəflərini üzə çıxarmasıdır.
Yəni, topa toxunmadan belə, oyuna təsir edən oyunçuları, boşluqları düzgün istifadə edənləri və ya təzyiq altında düzgün qərar verən futbolçuları bu yanaşma ilə daha aydın görmək mümkündür.
Mən oyunu izləyərkən bir neçə əsas məqama xüsusi diqqət edirəm: oyunçunun topa ilk toxunuşu, qərarvermə sürəti, mövqe seçimi, komanda daxilində rolu və oyunun ritminə uyğunlaşması.
Bundan əlavə, oyunçunun bədən dili və emosional reaksiyaları da mənim üçün vacib göstəricilərdir, çünki bunlar onun psixoloji hazırlığını əks etdirir.
Hesab edirəm ki, müasir futbolda ən effektiv analiz yanaşması “Eyeball“ sistemi ilə analitik datanın birlikdə istifadəsidir. Lakin buna baxmayaraq, əsas baza yenə də vizual müşahidədir.
Çünki data yalnız baş verənləri göstərir, amma “Eyeball“ sistemi bunun niyə və necə baş verdiyini anlamağa kömək edir.
Futbolu dərindən başa düşmək üçün oyunu sadəcə izləmək kifayət deyil, onu analiz etmək və detalları görmək lazımdır. “Eyeball“ sistemi də məhz bu bacarığın əsasını təşkil edir“.

