“Ağır məğlubiyyətlə üzləşdik. “Qarabağ”ın necə güclü və sürətli komanda olduğunu hər kəs bilir.
Biz isə oyunumuzu qura bilmədik və bunun nəticəsində qapımızda 7 qol gördük.
Ümumiyyətlə, mövsüm bizim üçün çox çətin keçir. Komandada müəyyən ruh düşkünlüyü hiss olunur.
Təbii ki, biz də bunun belə olmasını istəmirik, amma futbolda belə hallar qaçılmazdır”.
Sportinfo.az xəbər verir ki, bu fikirləri “Karvan-Yevlax”ın hücumçusu Uğur Cahangirov səsləndirib.
24 yaşlı futbolçu elitada qalmaq şanslarını da dəyərləndirib:
“Hazırkı vəziyyətdə Premyer Liqada qalmaq çox çətin görünür. Amma qarşıda hələ 7 tur var və biz hər oyunda maksimumumuzu verməyə çalışacağıq.
Əslində, bunu hər dəfə edirik, sadəcə, nəticə istədiyimiz kimi olmur. Bundan sonra əsas məqsədimiz səhvləri təkrarlamamaq və qələbələr qazanmaqdır.
Liqanı tərk etməmək və rəqiblərimizə çatmaq üçün əlimizdən gələnin daha artığını edəcəyik. Ümidimi hələ itirməmişəm və inanıram ki, birlikdə bu çətin vəziyyətdən çıxa bilərik”.
O, qarşıdakı oyunla bağlı da fikirlərini bölüşüb:
“Bir neçə gündən sonra “Kəpəz”lə qarşılaşacağıq. Öz meydanımızda, doğma azarkeşlərimizin dəstəyi ilə oynayacağımız üçün qələbəyə daha çox inanırıq”.

