AFFA-ya yaxın baş məşqçi də etiraza qalxdı - Yeni sədri sayan var?

14:40 Problem 371
AFFA-ya yaxın baş məşqçi də etiraza qalxdı - Yeni sədri sayan var?

Qeyri-rəsmi keçirilən hakimlərə etiraz aksiyasına Ayxan Abbasov da qoşuldu.

Dioqo Balaunu meydandan qovan Elçin Məsiyevdən acığını planşetdən çıxdı.

Köməkçiləri ona baxıb epizodu izlədiyi anda texniki vasitəni vurub sındırdı.

Abbasov həm də millinin baş məşqçisidir, AFFA-ya bağlı biridir. Demək olar hər gün AFFA rəhbərliyi ilə irtibat halındadır, danışırlar, müxtəlif məsələləri müzakirə edirlər.

Aralarından su da keçmir. Bu qədər yaxınlığa rəğmən, Abbasov əsəblərinə hakim ola bilmirsə…

Səbr kasası daşanda heç nəyə baxmır. Hirs başa vuranda, qapaq avtomatik örtülür, göz nəyisə görmür.

Elçin Məsiyev portuqaliyalı yarımmüdafiəçiyə birbaşa qırmızı göstərməklə səhv etdi, ya düz etdi - bu, başqa mövzudur.

«Şamaxı»nın baş məşqçisinin etirazı AFFA rəhbərliyini hərəkətə gətirməli, qayğılandırmalı, düşündürməlidir. Onlara bir köynək daha yaxın olan mütəxəssis hakimin qərarına səssiz qalmırsa, səbəbini meydanda yox, kabinetdə axtarmalıdırlar.

Rəhim Həsənovun təyinatının yaratdığı fəsadları aradan qaldırmaq üçün bu gün də gec deyil. Hər ötən həftə bizi mövsümün sonuna yaxınlaşdırır və belə vaxtda hakim idarəçiliyindən artan şikayətlənən, sərhəd tanımayan etirazlar SOS siqnalıdır.

Komitənin yeni sədri hər fürsətdə çalışır ki, «fit sahibləri»nin yanlışlarını «malalasın. O üzdən tez-tez yalan danışır, çaşdırıcı manevrlər edir.

«Ədalət təmsilçisi» qismində meydanın ortasında və yan xətt yaxınlığında görünənlər isə Rəhim Həsənovu saymır. Mövsümün finalına 2 ay qalıb, di gəl, indi elə oyun olmur ki, hansısa komanda idarəçilikdən şikayətlənməsin.

Əksəriyyətində də haqlı narazılıq bildirirlər. Ayxan Abbasov da elə insan deyil ki, durduğu yerdə özündən çıxsın. O. harada haqlı, harada haqsız duruma düşə biləcəyini öncədən özü üçün müəyyənləşdirə bilən məşqçilərdəndir.

Nə olsun ki Elçin Məsiyev FİFA referisidir, futbolçular və məşqçilər yanında hörməti olmayan, qərarları birmənalı qarşılanmayan, medianın da tez-tez tənqid etdiyi şəxsdir. Məsiyevdən razılıq edən baş məşqçi görməmişik hələ.

«Araz-Naxçıvan»ın baş məşqçisi Andrey Demçenkonun «Sabah»la oyunun idarəçiliyinə sərt etirazını da bunun üstünə gələk. Xasiyyətcə mülayim ukraynalını Fərid Hacıyev necə özündən çıxardı, gördük.

Ümumiyyətlə, Premyer Liqaya təyiınat alan elə hakim yoxdur ki, o, ədalətli qərarlarıyla tanınsın, tam etimada yiyələnsin. Rəhim Həsənovun onları yerli-yersiz müdafiə etməsiylə deyil ki…

Cavan sədr həftəlik toplantılarda səhvlərin aradan qaldırılması üçün müvafiq tapşırıqlar verirsə, görünən budur ki, bu, icra olunmur. Yox, həmin xətaların üzərində dayanmırsa, demək, klublar üzərindən pərdəarxası oyunlar gedir,

Həsənov da bunda maraqlıdır. O, get-gedə «birilərinin əlinə oynayır» rəyi formalaşdırır özü barədə.

Az sonra «tapşırıq qulu» olması haqda mətbuatda və sosial şəbəkələrdə qeydlər önünə çıxsa, gərək kimsədən inciməsin. Şəxsindən başqa.

ELXAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti