Braziliya millisinin sabiq futbolçusu Oskar karyerasını başa vurub.
SSportinfoaz xəbər verir ki, yarımmüdafiəçi ürəyindəki problem səbəbindən peşəkar idmanla vidalaşdığını sosial şəbəkə vasitəsilə açıqlayıb.
Onun formasını geyindiyi “San Paulu” klubu mövsümöncəsi testlər zamanı 34 yaşlı oyunçunun kardioloji problemlərinin aşkarlandığını, xəstəxanaya yerləşdirilərək əməliyyat olunduğunu bildirib.
Bu səbəbdən, tərəflər arasında 2027-ci ilin sonuna qədər olan müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Oskar açıqlamasında futbolu davam etdirmək üçün hələ gənc olduğunu, lakin səhhətinin buna imkan vermədiyini bildirib.
O, karyerasını bitirdiyini və bundan sonra “San Paulu”nu bir azarkeş kimi dəstəkləyəcəyini qeyd edərək, tərəfdarlara təşəkkür edib.
Karyerası ərzində “İnternasional”, “Çelsi” və “Şanxay Port” klublarında çıxış edən Oskar İngiltərə təmsilçisi ilə iki dəfə Premyer Liqa çempionu olub.
Braziliya millisinin formasını 48 dəfə geyinən oyunçu 2013-cü ildə Konfederasiyalar Kubokunun qalibi adını qazanıb.

