De Blekerin dili niyə indi açıldı?

11:40 Problem 282
De Blekerin dili niyə indi açıldı?

“Sabah” – “Sumqayıt” oyunu hakim qərarları və ya qərarsızlığı ilə ölkə futbolunun gündəminə oturdu.

Matçın baş hakimi Əliyar Ağayev “Sabah”ın iki qolunu ləğv etdi, üstəlik “Sumqayıt”ın futbolçusunun cərimə meydançası daxilində əllə oyununa göz yumdu.

VAR hakimi Nicat İsmayıllı da bu qərarlarda xüsusi rol oynadı. İşin maraqlı tərəfi isə Frank De Blekerlə bağlıdır.

AFFA Hakimlər Komitəsinin sədri oyun bitdikdən bir qədər sonra, tez-tələsik hakimlərin qərarlarını izah edən açıqlama yaydı.

Maraqlıdır ki, bu açıqlama da AFFA-nın rəsmi saytında yox, idman saytlarından birində yayımlandı. Cənab De Bleker açıqlamasında sayılmayan iki qola toxunaraq, qərarların düzgün verildiyini izah etdi, əllə oyunla bağlı isə ümumiyyətlə danışmadı.

İşin qəribə tərəfi isə De Blekerin cari mövsümdə ilk dəfə “dil açması” idi. Niyə məhz indi? Niyə məhz “Sabah” – “Sumqayıt” oyununda meydan sahiblərinin əleyhinə qəbul edilmiş qərarların doğru olmasını izah etmək ehtiyacı hiss etdi.

Axı bu oyun cari mövsümdə hakimliklə bağlı ilk qalmaqallı matç deyildi... Gəlin, bir-bir sadalayaq:

III tur, “Neftçi” – “Turan Tovuz” (0:1) oyunu.

Oyunun baş hakimi Əliyar Ağayev ev sahibi komandanın müdafiəçisi İqor Ribeyronu birbaşa qırmızı vərəqə ilə cəzalandırır. “Neftçi” tərəfi baş hakimin bu qərarından şikayət edir, hətta futbolçusunun cəzasının azaldılması ilə bağlı AFFA-ya apellyasiya müraciəti edir (müraciətə mənfi cavab verilir). Tapın görüm, bu oyunun VAR hakimi kim idi? Nicat İsmayıllı. AFFA Hakimlər Komitəsinin sədri De Bleker isə bu qərarı şərh etmir.

IV tur, “Neftçi” – “Sabah” (0:0) oyunu.

Matçın ilk hissəsində oyunun baş hakimi İnqilab Məmmədov “Sabah”ın müdafiəçisi Andrey Santosun əllə oynamasına görə qonaq komandanın qapısına penalti təyin edir. Qərar verildikdən sonra Məmmədov matçın VAR hakimi Kamal Umudlu tərəfindən epizodun təkrarına baxmağa dəvət edilir, Məmmədov təkrara baxdıqdan sonra penaltini ləğv edir. Oyundan sonra “Neftçi”nin baş məşqçisi Samir Abasov mətbuat konfransında hakimlərin verdiyi qərarı tənqid edir, hətta “bu epizod bizim qapımızda olsaydı, bizə penalti verilərdi” kimi iddialı bir açıqlama verir. Hakimlər Komitəsinin sədri De Bleker yenə susur, epizodu şərh etmir, qərarın doğru olması barədəı ictimaiyyəti məlumatlandırmır.

V tur, “Sabah” – Turan Tovuz” (2:0) oyunu.

Oyun ərzində bir neçə mübahisəli epizod yaşanır. “Turan” oyundan sonra bu iki epizod barədə rəsmi səhifəsində paylaşım edir, qərarlara etirazını bildirir. Bir neçə mütəxəssis Tovuz klubunun iradlarının yersiz olduğunu, matçın baş hakimi Rəvan Həmzəzadənin qərarlarının yerində olduğunu bildirir. Amma... cənab De Blekerdən yenə səs çıxmır, tovuzlu azarkeşlər tərəfindən az qalsın, sözlü linç edilən hakimlər müdafiə olunmur. Üstəlik, sonradan üzə çıxır ki, həmin oyunda “Turan Tovuz”un futbolçusu açıq ayaqla “Sabah”ın oyunçusuna zərbə endirdiyinə görə qırmızı vərəqə almalı olsa da, nə baş hakim, nə də VAR hakiminin səsi çıxmır. De Bleker müəllim, bunu da şərh etmir.

V tur, “Sumqayıt” – “Neftçi” (0:2) oyunu.

Yenə “Neftçi” cərimə meydançası daxilində kobudluğa görə penalti tələb etsə də, oyunun baş hakimi Elçin Məsiyevin fiti susur, VAR hakimi Tural Qurbanov da səssiz qalır. Onlar kimi De Blekerdən də səs çıxmır. Oyunun “Neftçi”nin qələbəsi ilə nəticələnməsi də məsələni ört-bas edir.

Nəhayət, bayaq bəhs etdiyimiz “Sabah” – “Sumqayıt” oyunu. Məhz bu oyundan sonra Frank De Bleker etirazlara cavab vermək qərarına gəldi. Özü də “Sabah”ın əleyhinə. Bəs daha öncə elə “Sabah”ın özü ilə bağlı və ya “Neftçi” ilə bağlı mübahisəli qərarlar olanda cənab De Blekerin səsi niyə çıxmırdı? Çox maraqlı və şübhəli mənzərədir.

OSMAN

Digər Xəbərlər
Xəbər Lenti