Hələlik göydə uçurlar…

17:40 Problem 171
Hələlik göydə uçurlar…

Texniki məğlubiyyəti nəzərə almasaq, «İmişli» üç turdur qazanır.

Bu dəfə daha bir yeniliyə imza atdılar, üç qol vurdular.

«Karvan»ı 3:0 udan «İmişli» hazırda turnir cədvəlinin ilk sıralarındadır.

Rəqəmlər üzərindən baxsaq, hər şey ideal görünür burada. Jorj Kaskilyanın işləri yağ kimi gedir.

Statistikaya göz atmaqdan ötür sinov gedən rəhbərlik də, gərək ki, baş məşqçinin fəaliyyətindən razı qalsın.

Hazırkı «İmişli» keçənilki «Turan Tovuz»un qardaşıdır. «Turan «da ötən mövsümə belə başlamışdı - futbol oynamaya-oynamaya üst sıralara dırmanmışdılar.

Kaskilyanın sonadək bu yanaşmadan əl çəkməyəcəyini düşünürəm. O da belə bir yol seçib, nə deyək!

Amma bilməsi və anlaması lazımdır ki, antifutbol onu və «İmişli»ni çox uzaqlara aparmayacaq. Baş məşqçi və onun rəhbərliyi göylərdə uçmasın, bu, müvəqqəti haldır.

Bir müddət sonra eniş başlayacaq və Kaskilyanın çalışdırdığı kollektiv yavaş-yavaş aşağılara - turnir cədvəlində layiq olduğu mərtəbəyə enəcək.

Hələ ki, mövsümün əvvəlidir, meydan qızışmayıb. Əksər rəqiblər «İmişli»ni ciddiyə almamaqda davam edir.

Oynadıqları futbol tamamilə müdafiəyə qapanmaqdan, adda-budda əks-hücuma çıxmaqdan ibarətdir.

«Əsas qapımızdan qol buraxmamaqdır» fikri ilə mübarizə aparan komandanın iddiası bir-iki məğlubiyyətlə tanış olana kimidir.

Bu, baş verməsə, deməli, mən futboldan heç nə bilmirəm. Lap klubun başında dayananlar kimi.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti