
«Karvan» yeni yığılmış komandadır.
Demək olar iki ayın içindən sıfırdan qurulub.
Nəyi düz ediblər, nəyi səhv: bu, həftələr ötdükcə üzə çıxır.
Qapıçı seçimində yanılıblar. Kamran İbrahimov heç I Liqada babat təsir bağışlamırdı, tez-tez xətalara yol verirdi.
«Neftçi»nin yetirməsinə ikinci gözüylə baxmaq da risklidir. Ya vəlvələdən, ya zəlzələdən indi meydana ilk «11-lik»də çıxır. İbrahimovun Şamaxıda künc zərbəsindən qol buraxmasına təəccüblənməyin.
Onda onu aşağı liqada izləməmisiz. Bu qapıçıdan hər cür yanlış gözləməyə dəyər. Etibarsızdır.
«Karvan»ın de-yure, amma formal baş məşqçisi Azər Həşimov Kamranın müdafiəsində nizə-qalxanla dayanıb, milyonluq oyunçuların da bəzən kobud səhvlərlə yadda qalmasını söyləyib.
Bu, düzgün müqayisə deyil.
«Karvan» 4000-6000 dollarlıq legionerlərin çiynində gedən komandadır. İçlərində üç-dörd yaxşı futbolçu var cəmi.
Onlar da ki, bir himə bənddir. Qapılarında qol görən kimi ruhdan düşürlər, qol-qanadları sınır.
38-39-cu dəqiqəyədək olan «Karvan»la «Şamaxı»nın hesabı açmasından sonrakı «Karvan» arasındakı fərq yerin göyə nisbətindədir.
Kəsərli əks-hücumlar, iti arakəsmə ötürmələr ona qədər idi, Kamranın səhvləri valı büsbütün dəyişdi.
Qapıçılar üzrə məşqçi Hüseyn Məhəmmədov əlinə əlcək geyinsəydi, İbrahimovdan diri tərpənərdi, komandanı dimdik saxlayardı meydanda.
MUSA