
Builki çempionatın ən zəif iştirakçıları arasında «Karvan»ın adı birinci çəkilir.
Mövsümün ilk 3 turu ərzində dəyərləndirmə etsək, bəzi problemlərin ön plana çıxmasını deməliyik.
Komandanın hərəkətverici qüvvəsi əcnəbilərdir. Kənan Kərimovun diqqətini çəkən legionerlərin bir neçəsini də mən bəyəndim.
Mikels və Qavi irəli xətdə güc mənbəyidir: həm hərəkətlidirlər, həm də driblinq etməyi bacarırlar.
«Karvan» Premyer Liqada yerini itirmək istəmirsə, yalnız xaricilərə bel bağlamamalıdır. Daxili bazarın «məhsulları» arasında da bəzi yaxşı oyunçular tapıb, onları heyətin gözünə qatmalıdır.
Son iki mövsümü I Liqada keçirmiş Elvin Yunuszadə ilə nə olasıdır ki?
Kərimovun futbol ictimaiyyəti arasında böyük hörməti var, əlaqələrindən, münasibətlərindən istifadə edib, qarşıdakı günlərdə 2-3 nəfəri icarə əsasında Yevlaxa gətirə bilsə, «Karvan» qış fasiləsinədək hələ çox rəqibin qanını qaraldacaq.
«Qarabağ»la oyun «Karvan»ı bəribaşdan hesabdan silməyin tez olduğunu bəlli etdi. Sadəcə, təcrübə və səviyyə son çempionun ikinci «onbirliy»i ilə başabaş mübarizə aparmağa yetmədi.
Tezliklə müdafiə və yarımmüdafiə xəttinə yeni adlar cəlb olunmalıdır ki, «Karvan» qarşıdakı aylarda üzüaşağı getməsin, Belə, mövcud komandanın müqavimət gücü məhduddur.
ELXAN