Premyer Liqaya zurna ilə gələn, interneti olmayan “İmişli”

01:50 Problem 152
Premyer Liqaya zurna ilə gələn, interneti olmayan “İmişli”

Azərbaycan Premyer Liqasının yeni mövsümündə debüt edən “İmişli” Şamaxı şəhər stadionunda ev sahibi qismində “Neftçi”ni qəbul edirdi.

İmişlililər oyunun əvvəlindən nail olmaq istədikləri nəticəni (0:0) əldə etdilər. Komanda bir xal üçün oyuna çıxmışdı və qazandı. Halal xoşları olsun!

Bəli, meydanda hər şey qaydasında idi. Bölgə təmsilçisi ilk dəfə təşrif buyurduğu Premyer Liqada ilk xalını qazanmaq istəyirdi. Oyunçular vuruşur, rəqibin adına baxmadan mübarizə aparmağa çalışırdılar. Bacardılar da. İstər büdcə olsun, istər heyət baxımından özlərindən qat-qat üstün olan “ağ-qaralar”a boy göstərdilər. Komandada məşqçi işi hiss olunur. Bunlar öz yerində. Hətta portuqaliyalı baş məşqçi Jorj Kaşkilya qazandıqları bir xalı uğur hesab edərək, oyundan sonra keçirilən mətbuat konfransında “çempionluğa oynayan komandadan bir xal qazanmaq məşqçi kimi mənim üçün bir nailiyyətdir” fikrini də səsləndirdi. Bu komandanın Azərbaycanın ən güclü liqasında çıxışı sevindirici haldır və sözsüz ki, çempionata əlavə rəng qatır.

Amma çatışmazlıqları da deməsək, olmaz. “İmişli”, belə görünür, Premyer Liqaya vəsiqənin eyforiyasından hələ də çıxa bilməyib. Klub özünü sanki ərköyün uşaq kimi aparır. İmişli təmsilçisi aylardır davam edən infrastruktur problemini hələ də yoluna qoya bilmir və ya qoymaq istəmir. Amma baxırsan ki, klubu təmsil edən hər kəsin üzü gülür. Üzlərində elə bir ifadə var ki, sanki, özlərini UEFA Çempionlar Liqasında mərhələ adlamış kimi aparırlar. Bəlkə də, hələ işin ciddiyətinə varmayıblar. Varmayıblar ki, jurnalistlərin haqlı tənqidi yanaşmalarına sərt reaksiya belə, verirlər. Həmkarımıza “niyə “Kəpəz”dən deyil, “İmişli”dən yapışmısız” deyə, sual ünvanlamağa cəsarət edən klub nümayəndəsinin olduğunun da şahidi oldum.

Bütün bunlar azmış kimi, Şamaxı şəhər stadionunu icarəyə götürən imişlililər burada da yarıtmayıblar. Təşkilatçılıq oyunun gedişində və sonra da müxtəlif müzakirələrin mərkəzinə düşdü. Söhbət meydandakı futbolun keyfiyyətindən çox, stadiondakı şəraitdən gedir. Başları nəyə qarışıb, nə etmək istəyirlər, planları nələrdir – özləri bəlkə, bilir, amma biz jurnalistlər bilmirik. Peşəkar liqada oynayan peşəkar klub belə olmur, əfəndilər. Jurnalistə irad tutursan, fikirlərini çatdırıb, sözünü deyirsən, lap belə yaxşı edirsən, əlinin içindən gəlir. Bəli, düz deyirsiz, cənab klub nümayəndəsi. Hansısa məlumatı paylaşanda klubdan mövqe öyrənmək vacibdir, önəmlidir. Peşəkar jurnalist fəaliyyəti bu ciddiyəti tələb edir. Yalandan, xəbərə baxış sayına görə kütləni cəlb etmək işlək olmayan saatın bəzək xatirinə qola taxılması kimi görünür. Bu baxımdan sizinlə razıyıq. Amma…

“Əmma”sı odur ki, media nümayəndələrinin haqlı narazılığı oyunun işıqlandırılmasına mane olan internet problemidir. Futbolun yayıma, xəbərə və canlı təhlilə bağlı olduğu bir dövrdə jurnalistlərin internetə çıxış imkanının olmaması peşəkar klubun adına yaraşmayan mənzərədir. Bu hal təkcə KİV-in işinə əngəl yaratmır, həm də, bölgə klubunun imicinə mənfi təsir edir. Və hətta ayıb tərəfi də odur ki, oyunu işıqlandırmaq üçün Bakıdan gələn jurnalistə deyəsən ki, “bütün ölkədə internet problemi yaşanır”. Sözə bax: “Ölkədə internet var ki?” Yəni, yoldaş klub rəsmisi burada da özünə haqq qazandırmağa çalışdı. Nə isə… Belə iş olmur, yoldaşlar. Peşəkar olaraq belə davam etmək olmaz, alınmaz. Bu gediş və gedişat Premyer Liqada müvəqqəti olduğunuzun bariz göstəricisidir.

“İmişli” deyiriksə, daha bir diqqətçəkən məqam stadiondakı zurna səsi idi. Əslində, milli musiqi alətimiz futbol arenalarında yaxşı atmosfer yaratmaq baxımından maraqlı təsir bağışlaya bilər. Amma bu, tamaşaçı üçün xoş ab-hava yaratsa da, media sektorunda çalışanlar və futbolçular üçün oyunun gedişində konsentrasiyanı poza bilər.

Həyəcan, sevinc – bunlar başa düşüləndir. Hər kəsin istəyi azarkeşin komandasının yanında olmasıdır. İmişlilər də bunu bacardığı qədər etməyə çalışır. Yoxsa ki, nəyinə lazımdır İmişlidən basa-basa durub gəlsin Şamaxıya? Demək ki, komandalarına dəstək durmaq istəyirlər. Bacardıqlarını da edirlər. Kimisi zurna ilə, kimisi alqışı ilə, kimisi şüarları ilə bunu edir. Amma istənilən halda, klubun azarkeşlərlə işləyən, istiqamət verən, yol göstərən təmsilçisi olmalıdır. Kor-koranə dəstək narazılıqların yaranmasına yol açır və açacaq da.

Beləliklə, “İmişli” Premyer Liqaya həm müsbət, həm də mənfi tərəfləri ilə qədəm qoyub. Təki, xoş olsun qədəmləri. Amma bir şeyi də nəzərə almaq lazımdır ki, bir tərəfdə bölgə futbolunun dirçəlişinə ümid edənlər, digər tərəfdə infrastruktur çatışmazlıqları çox olan klub var. Klub bu problemləri tez bir zamanda həll etsə, həm jurnalistlərin, həm də futbolsevərlərin gözündə nüfuz qazana bilər. Əks halda, Premyer Liqaya zurna ilə gələn, interneti olmayan “İmişli” olaraq qalacaq )komanda.az_.

Fəxri Rüstəmli

Digər Xəbərlər
Xəbər Lenti
23 Avqust 18:10 Çək və bizə göndər!
23 Avqust 08:30 "Neftçi" hara gedəcək?
23 Avqust 05:00 “Neftçi” ücün İslam