Premyer Liqaya belə komanda lazım olmaya bilər, ancaq…

18 Avqust 23:40 Problem 173
Premyer Liqaya belə komanda lazım olmaya bilər, ancaq…

«İmişli» ilk dəfə iştirak etdiyi Premyer Liqaya məğlubiyyətlə start verdi.

Şamaxıda nominal ev sahibləri olduqları oyunda «Turan Tovuz»a 90+9-cu dəqiqədə buraxdıqları qolla uduzdular.

Matç bitdi, tənqidlər başladı. Ay Xorxe Kaskilyanın burada nə işi var, ay Çexiyanın üçüncü liqasından gəlib, ay nə bilim nə..!

Öz aramızdır, adamın üstünə çox gedirik. Şəxsən tanımaya-tanımaya, işinə bələd olmaya-olmaya.

Belə pis futbol oynamadı «İmişli». Hətta deyərdim ki, «Turan»dan daha pozitiv təsir bağışladılar.

I Liqadan qalmış futbolçuları çoxdur. Yenilərin sayı onlardan da çoxdur.

Buna rəğmən, «İmişli» rəqibindən açıq-aşkar geri qalmadı: taktiki və fiziki cəhətdən başabaş oynadılar.

Məsələn, Tuncay Cəfərlinin adını çəkərdim. Bu 19 yaşlı gənc ötən mövsüm «Sabah»ın U-19 və əvəzedicilərdən ibarət komandasının formasını geyinib.

Bildiyimə görə, müdafiəçi mövqeyində çıxış edən Tuncay Premyer Liqanın bir neçə klubuna təklif olunub, ona gözünün ucuyla da baxan tapılmayıb.

Portuqaliyadan gəlmiş məşqçi isə ilk oyunda Tuncaya şans tanıdı, əvvəldən axıra kimi meydanda saxladı.

Qoy, bir müddət keçsin, hamı ondan danışacaq, Fernandu Santuş da milliyə çağıracaq.

Belə proqnoz vermək düzgün olar: elitanın «İmişli»yə ehtiyacı yoxdur. Bu gedişlə kluba çevrilməyəcəklər.

Olsa-olsa, Tuncay kimi iki-üç gənci publikaya tanıdacaqlar və bu, düşünürəm ki, «İmişli»nin ölkə futbolu adına xidməti sayılmalıdır.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti
18 Avqust 18:10 Çək və bizə göndər!
18 Avqust 11:20 Bu da Mahirin qolu - VİDEO
18 Avqust 03:30 Elçin Sloveniyaya gedir
18 Avqust 02:20 Bir yerli, iki əcnəbi
18 Avqust 02:10 "Qarabağ"layıcı