
Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”la keçirilən ilk oyun Şimali Makedoniyanın “Şkendiya” klubu üçün uğursuz alınıb.
Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, komanda evdə məğlub olmaqla yanaşı, yerli futbol federasiyasından da növbəti dəfə xəbərdarlıq alıb.
Buna səbəb Skopyedəki “Todor Proeski” stadionuna toplaşan azarkeşlərin siyasi şüarlar səsləndirməsi olub.
Fanatların bir qismi Albaniyanın, alban əsilli olan qismi isə Şimali Makedoniyanın əleyhinə şüarlar səsləndiriblər.
Bu hal isə “Şkendiya”nın təkcə futbol deyil, basketbol matçları zamanı da müşahidə olunur. Şimali Makedoniya Futbol Federasiyası isə azarkeşləri ölkənin mənafeyi üçün birlik olmağa çağırıb.
Görüş “Qarabağ”ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Komandalar arasında cavab matçı avqustun 12-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.