
Çinin Quandun əyalətinin səlahiyyətliləri COVID-19 pandemiyası zamanı tətbiq olunan sanitar tədbirləri qismən bərpa ediblər.
Bu, əhalini çikunqunya virusundan qorumaq üçün edilir.
Bu barədə “Blumberg” məlumat yayıb.
Məlumata görə, indi əyalətdəki apteklərdən xəstəliyin əlamətlərini yüngülləşdirməyə kömək edən dərmanlar alarkən sənədləri təqdim etmək lazımdır. Alıcılar haqqında məlumatlar yoluxma hallarını qeyd etmək üçün sanitar nəzarət orqanlarına verilir.
Bildirilir ki, virusu daşıyan ağcaqanadların çoxalması ilə bir aydan az müddətdə təkcə Foşan şəhərində 7000-dən çox insan bu xəstəliyə yoluxub.
Bundan əvvəl isə İranın səhiyyə nazirinin müavini Əlirza Rəisi ölkədə yeni koronavirus infeksiyası dalğası barədə xəbərdarlıq etmişdi. Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus yeni pandemiya xəbərdarlığı etmişdi. O, növbəti pandemiyanın özünü çox gözlətməyəcəyini demişdi. Sinqapur və Honqkonqdan COVID-19-la bağlı gələn xəbərlər dünya ictimaiyyətində narahatlıq doğurub.
Mütəxəssislərin sözlərinə görə, yeni ştamlar daha yoluxucudur, lakin əvvəlki variantlarla müqayisədə daha yüngül simptomlarla müşayiət olunur. Bir neçə ay əvvəl Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov demişdi ki, hazırda ölkədə yeni koronavirus infeksiyasına yoluxmaya tək-tək hallarda rast gəlinir.
Azərbaycan üçün indi vəziyyət necədir? Virusun pandemiya şəklində yenidən qayıtma riski varmı, yoxsa bundan sonra lokal miqyasda yoluxma ola bilər? Azərbaycanın səhiyyə orqanları prosesi nəzarətdə saxlayırmı, buna ehtiyac qalıbmı?
Bakı Ağrı Klinikasının baş həkimi Zülfüqar Yusifov “Yeni Müsavat”a mövzu ilə bağlı fikirlərini bölüşüb: “Dünyanın müxtəlif bölgələrində yeni virusların yaranması halları müşahidə olunmaqdadır. Xüsusilə Çin, Hindistan kimi əhalinin sıx yaşadığı ölkələr bu baxımdan ciddi endemik ocaqlar hesab olunur. Lakin cari il üçün pandemiya və ya genişmiqyaslı epidemiya təhlükəsi real görünmür. Əvvəlki pandemiya təcrübəmiz bu məsələlərə qarşı daha həssas və ehtiyatlı yanaşma zərurətini ortaya qoyub. Keçmişdə yaşanan ağır fəsadlar, insan itkisi və sosial-iqtisadi təsirlər cəmiyyətlərdə və dövlətlərdə bir növ vahimə və diqqətlilik formalaşdırıb. Bu səbəbdən hər hansı bir lokal ocağın yaranması belə yerli səhiyyə qurumları tərəfindən ciddi şəkildə izlənməli və müvafiq tədbirlər vaxtında görülməlidir”.
Həkim Çində yayılan son virusla bağlı onu qeyd edib ki, bu hal lokal xarakter daşıyır və geniş yayılma potensialı aşağıdır: “Artıq post-COVID dövründə yaşayırıq və bu mərhələdə müxtəlif bölgələrdə aylıq olaraq yeni viruslarla bağlı məlumatların yayılması adi hala çevrilib. Tarix boyunca pandemiya və epidemiyalar olub və bu cür hadisələrin davamlı baş verməsi ehtimalı azdır. Hazırda dünya səhiyyə sistemi daha inkişaf etmiş vəziyyətdədir, insanlar isə viruslarla bağlı daha məlumatlı və ayıqdır. Bu baxımdan yeni bir virusun pandemiya halını alması ehtimalı aşağı olsa da, yenə də diqqətli olmaq və ehtiyatı əldən verməmək vacibdir.
İnfeksiyaların yayılmasında insanların hərəkətliliyi əsas rol oynayır. Baxmayaraq ki, artıq kifayət qədər təcrübəmiz var, dünya əhalisinin artması, əhali sıxlığı və bəzi ölkələrdə sanitar-gigiyenik şəraitin qeyri-kafi olması yoluxma hallarının ortaya çıxmasına səbəb olur. Virusun yayılmasını isə insanların yüksək mobilliyi sürətləndirir. Çünki bu gün insanlar olduqca aktiv və hərəkətlidir, eyni şəxs bir neçə ölkəyə səfər edə bilir. Əgər ölkə daxilində və ölkələrarası münasibətlər çərçivəsində sanitar nəzarət tədbirləri yetərincə təşkil olunmazsa, infeksiyalar asanlıqla yayıla bilər. Bu səbəbdən, pandemiyanın aktual və ya qeyri-aktual olmasından asılı olmayaraq, yaxın keçmişdə yaşadığımız acı təcrübələri unutmamalı, onlardan dərs çıxarmalıyıq. Gigiyena qaydalarına ciddi əməl etmək, zərurət olduqda sosial məsafə saxlamaq və xüsusilə xəstəlik hallarının müşahidə olunduğu mühitlərdə maskalardan istifadə etmək vacibdir".
Qeyd edək ki, 2025-ci ilin iyul-avqust ayları dünyada bir sıra virus və yoluxucu xəstəliklərin yenidən gündəmə gəlməsi ilə yadda qaldı. İqlim dəyişikliyi, qlobal hərəkətlilik və gigiyenik problemlər fonunda müxtəlif bölgələrdə lokal və regional epidemiyalar müşahidə olundu. Mütəxəssislər bu hallar fonunda əhalini bir daha gigiyena qaydalarına riayət etməyə və erkən xəbərdarlıqlara ciddi yanaşmağa çağırırlar.
Hindistanda H5N1 və H7N9 kimi yüksək ölüm nisbətinə malik quş qripi ştammları ilə bağlı yenidən təhlükə siqnalları verilir. Artıq 10 əyalətdə 40-dan çox yoluxma halı təsdiqlənib. Bu həm insan sağlamlığı, həm də quşçuluq sektoru üçün ciddi risk daşıyır. Hindistan hökuməti yoluxmaların qarşısını almaq üçün zərərçəkmiş təsərrüfatlarda quşların məhv edilməsinə və dezinfeksiya tədbirlərinə başlayıb. Mütəxəssislər bu virusların insanlara keçməsi riskinin yüksək olduğunu və gigiyenik qaydalara ciddi əməl olunmasının vacibliyini vurğulayırlar. Avropada da virus təhlükələri diqqətdən kənarda qalmayıb. Xüsusilə Çexiyanın paytaxtı Praqa və ətraf bölgələrində hepatit A virusunun sürətli yayılması müşahidə olunur. Son bir ayda bu virusla bağlı 928 təsdiqlənmiş hal və 10 ölüm hadisəsi qeydə alınıb.
“Kirli əllər xəstəliyi” kimi tanınan bu virus əsasən qida və su vasitəsilə yayılır. Turist axınının çox olduğu yay aylarında bu cür infeksiyaların yayılması gözlənilən idi. Rəsmilər əhalini və turistləri şəxsi gigiyenaya maksimum diqqət yetirməyə çağırır. ABŞ-da isə Qərb Nil virusunun daşıyıcısı olan ağcaqanadların sayı rekord həddə çatıb. Xüsusilə Konnektikut və Miçiqan ştatlarında virus daşıyan ağcaqanadların geniş yayıldığı bildirilib. Hələlik insanlarda yoluxma halları qeydə alınmasa da, mütəxəssislər bunun yalnız zaman məsələsi olduğunu deyirlər. Sanitariya orqanları ağcaqanadlarla mübarizə tədbirlərini gücləndirib və əhalini açıq havada olduqları zaman xüsusi qoruyucu vasitələrdən istifadə etməyə çağırır.
Bu yay müxtəlif bölgələrdə yayılan viruslar bir daha sübut etdi ki, pandemiya sonrası dövrdə səhiyyə sistemləri və cəmiyyətlər ayıq qalmalıdır. İstər Chikungunya, istər quş qripi, istərsə də hepatit A və Qərb Nil virusu kimi xəstəliklər fərqli coğrafiyalarda, fərqli yollarla yayılsa da, hamısının qarşısını almağın əsas yolu vaxtında tədbirlər, şəffaf məlumatlandırma və şəxsi gigiyenaya əməl etməkdir.