COP29

Bizim hoqqabazlar, yaxud Gürcüstan millisinin uğurunun Georgi və “Dinamo” adlı sirri

13 Sentyabr 20:20 Problem 1 492
Bizim hoqqabazlar, yaxud Gürcüstan millisinin uğurunun Georgi və “Dinamo” adlı sirri

Üç ay əvvəl Avropa çempionatının final mərhələsində iştirak edən Gürcüstan millisi yenə azərbaycanlı futbolçularına dilinə-dişinə düşüb.

Səbəb Villi Sanyolun rəhbərlik etdiyi kollektivin doğma meydanda Çexiyanı 4:1, səfərdə Albaniyanı 1:0 hesabı ilə məğlub edib Millətlər Liqasına uğurlu start verməsidir.

Klub səviyyəsində yuxarıdan aşağı baxdığımız Gürcüstan futbolunun əsas üstünlüyü yığma səviyyəsində bizdən qat-qat öndə olmasıdır. Bu da anlaşılandır.

Avrokuboklarda klublarımızı legionerlər arxasında daşıyır deyə, nöqsanlarımız ört-basdır olur. Milli komandalara gələndə, belə bir şansımız olmur. Nəyə qadir olduğumuz çılpaqlığı ilə görünür.

Gürcüstanlı futbolçuların ən böyük üstünlüyü ya uşaq yaşlarından Avropada doğulmaları, ya da gənc yaşlarından Gürcüstanı tərk etmələridir.

Hazırda yığmanın özəyini təşkil edənlərdən yalnız Georgi Tsitaişvili ilə Georges Mikautadze ölkə xaricində doğulub, futbolun sirlərinə vətəndən kənarda yiyələniblər. Birinci Kiyev “Dinamo”sunda böyüyüb, Mikautadze Fransa “Lion”unun akademiyasında yetişib.

Millinin və Gürcüstan futbolunun fəxri Xviça Kvaratsxeliya atası Badri Kvaratsxeliya Azərbaycanda oynadığı vaxt Tbilisidə dünyaya göz açıb.

18 yaşı tamam olan kimi “Rustavi”dən Moskva “Lokomotiv”inə keçib, oradan “Rubin”ə yön alıb, hazırda “Napoli”nin 80 milyon avro dəyəri olan futbolçusudur.

Georgi Çakvetadze də paytaxtda doğulub. 6 il Tbilisi “Dinamo”sunun akademiyasında “təhsil alandan” sonra ölkəni tərk etmək üçün ona 1 il kifayət edib

. “Dinamo”da keçirdiyi əla mövsüm və U-17, U-19 millilərindəki parlaq çıxışı “Gent” rəsmilərinin diqqətini çəkincə, 18 yaşında Belçikaya yollanıb. “Hamburq” və “Slovan Bratislava”da icarə əsasında top qovub, hazırda Çempionşipdə iştirak edən “Uotford”un uğurları üçün tər tökür.

Daha bir Georgi. Soyadı Koçoraşvili olan dayaq yarımmüdafiəçisi də “şəhər uşağı”dır. Tbilisini təmsil edən “Saburtalo”da yetişən “6 nömrə” bu komandada bir neçə oyun keçirəndən sonra 18 yaşında səsi İspaniyadan gəlib.

İcarə əsasında ilyarım “Peralada”nın şərəfini qoruyub, 20 yaşında “Levante” ilə müqavilə bağlayıb, 1 ildən sonra əsas komandada meydana çıxıb. Ötən mövsümü Sequnda iştirakçısı “Kastelyon”da keçirib.

Və daha bir Georgi, amma bu dəfə Mamardaşvili. Xviça ilə “Dinamo Tbilisi”də akademiya yoldaşı olan qapıçı “Rustavi” və “Lokomotiv Tbilisi”də iki mövsüm keçirəndən sonra 21 yaşında “Valensiya” rəsmilərinin diqqətini çəkib.

Son 3 ildə La Liqada 100-ə yaxın oyun keçirən 23 yaşlı qolkiper artıq indidən “Liverpul”la anlaşıb. Növbəti yaydan etibarən İngiltərə nəhənginə məxsus olacaq.

Siyahını Quram Kaşiya, Zuriko Davitaşvili, Otar Kiteişvili ilə uzatmaq olar. Avropada legioner həyatı yaşayan istedadlar çoxdur. Və ən maraqlısı, əksəriyyətinin yaş həddinin 22-25 aralığında olmasıdır.

Georgi adından və “Dinamo” təməlindən ibarət olan qulağımızın dibindəki milli komanda son 1 ildə Avropaya səs salmağı bacarıb. Bu gedişlə DÇ-2026-ya da vəsiqə qazanacaq.

Biz isə Amin Seydiyevin səhvlərindən, Mahir Emrelinin hoqqalarından, Ramil Şeydayevin Emin Mahmudova bozarıb topu əlindən almasından danışırıq.

Bir yığmanın uğurunun başlıca səbəbi yuxarıdakı faktlarda gizlənib. Baxın, öyrənin, həyata keçirin. Təbii ki, sizə futbolun inkişafı lazımdırsa.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
14 Oktyabr 21:10 Çək və bizə göndər!
14 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM