“Görsəm, özünə deyərəm ki…” - Futboldan ömürlük uzaqlaşdırılan futbolçunun məşqçisi

24 Yanvar 00:50 Problem 316
“Görsəm, özünə deyərəm ki…” - Futboldan ömürlük uzaqlaşdırılan futbolçunun məşqçisi

AFFA-nın İntizam Komitəsi anışılmış oyunlarda iştirakına görə MOİK-in futbolçuları Fərmayıl Əliyev və Emin Mehtiyevi ömürlük futbolla əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum etdi.

Sportinfo.az xəbər verir ki, həmin futbolçulardan biri - Fərmayıl Əliyev Tovuz futbolunun yetirməsidir.

Hər halda onun danışılmış oyunlarda adının hallanması və cəzalandırılması Tovuz futbolunun da adına yaxşı hal deyil. Bu səbəbdən vaxtilə Fərmayılın məşqçisi olmuş şəxslərin fikirlərini öyrəndik.

Məşqçilərdən Nizami Ocaqverdiyev qaynarinfo-ya açıqlamasında futbolçuya görə təəssüfləndiyini, bunun yaxşı xəbər olmadığını bildirir:

"Uşaq vaxtı, 17 yaşında onun məşqçisi olmuşam. Xarakterli, döyüşkən oğlan idi. Fərmayıldan açığı, belə hərəkət gözləmirdim. İnsanı tanımaq olmur.

Birinə sual verirlər ki, "filankəs necə insandır”, cavabında deyir ki, "Yoldaş olmamışam”. Bəzi şeylər var ki, bir yerdə olmasan nəyin necə olduğunu bilmərsən.

Onda heç vaxt davaya, yaxud, bu cür hərəkətlərə meyillilik hiss etməmişdim. Yaxşı xəbər olmadı”.

Futbolçunun uşaq vaxtı məşqçilərindən olan Rasim Əliyev də fikirlərini bölüşüb. O, Fərmayılın düzgün hərəkət etmədiyini, bu xəbərdən məyus olduqlarını deyir:

"Uşaq vaxtı onun məşqçisi olmuşam. Sakit, tərbiyəli uşaq idi. Onda belə bir hərəkət gözləməzdim.

Son vaxtlar əlaqə saxlamamışdıq. 10 ildən çoxdur Bakıda yaşayır, deyə görüşə bilməmişik.

16-17 yaşı olanda mənim rəhbərliyim altında futbol oynayıb. O vaxt normal uşaq idi.

Başa düşürəm, Tovuz futbolunun da adı üçün yaxşı hal deyil. Belədirsə, düzgün hərəkət etməyib. Mən də mətbuatda oxudum, pis oldum.

Məşqçi yoldaşlar da yanımda idi. Hamımız məyus olduq. Əlbəttə, görsəm özünə deyərəm ki, düzgün hərəkət etməyib.

Təkcə o deyil, məşq keçdiyimiz bütün uşaqlara eyni sözləri deyirik. Ən azı karyerasını bitirib məşqçi kimi çalışa bilərdi. İndi futbolla bağlı heç yerdə işləyə bilməyəcək”.

Digər Xəbərlər
Xəbər Lenti
8 Fevral 02:30 Ruben Vardanyan qaçdı