Narahat olma, Qara

22 Sentyabr 2022 12:40 Problem 776
Narahat olma, Qara

“Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayevin UEFA Millətlər Liqasında Slovakiya və Qazaxıstanla qarşılaşacaq Azərbaycan millisinin heyətinə dəvət almaması müzakirələrə səbəb olub.

Mətbuatda bununla bağlı fikirlər səsləndirilib, iddialar irəli sürülüb. Yazılanlar arasında daha çox diqqət çəkən budur ki, Qarayev Millətlər Liqasında əvvəl keçirilən oyunlardan birindən sonra baş məşqçi Canni De Byaziyə millidə az şans qazanması ilə bağlı etiraz edib. Elə bundan sonra da italiyalı baş məşqçi ilə futbolçu arasında “iplər” qopub.

Dünən Qayev özü millidən kənarda qalması ilə bağlı açıqlama yayaraq, zədəli olmadığını, De Byazinin onu yığmaya çağırmamasına görə məyus olduğunu bildirib.

Qaranın millinin oyunlarında az şans qazanmasına görə baş məşqçiyə etiraz etməyə haqqı varmı? Mübahisəli məsələdir. Baxır, etirazın formasına və tonuna. İstənilən futbolçunun baş məşqçidən niyə az şans qazandığını soruşmaq haqqı var. Ən azı ona görə ki, səbəbini bilməlidir. Yox, futbolçu baş məşqçidən sərt şəkildə onu oynatmasını tələb edirsə, buna görə komandanın düşərgəsində ab-havanı pozursa, o zaman işin rəngi dəyişir.

Şəxsən mənə görə Canni De Byazi Azərbaycan futbolu üçün lazımsız şəxslərdən biridir və millidə oynatdığı futbol da “beş qəpiklik” deyil. Amma nə olur olsun, bu adam millinin baş məşqçisidir. Bəli, nə yazıq ki, baş məşqçisidir. AFFA-nın yarıtmaz rəhbərliyi onu ölkənin əsas komandasının “sükanı arxasında” oturdub, baş məşqçi kimi qərar vermək səlahiyyətləri ilə görəvləndirib. İndi nə edək ki, milli komandanın oyunları zamanı baş məşqçi işi, bacarığı kölgədə qalan bu adamın Qarayev məsələsində baş məşqçiliyi tutub. Daim ya “Sumqayıt”ın prezidenti Riad Rəfiyevin, ya da başqa futbol funksionerinin “arzular”ının icraçısına çevrilib, milli komandaya sifarişlə futbolçu dəvət edən De Byaziyə Qara Qarayevlə bağlı məsələdə prinsipial davrandığına görə yekə bir “alqış” düşür. Urr-ra!

Qarayevə gəlincə, o da, başqa azərbaycanlı futbolçular da anlamalıdır ki, Azərbaycan futbolunun milli komandası da, gözünün ağı-qarası da “Qarabağ”dır. Avropada uduzmadığı komanda qalmayan Azərbaycan yığmasına dəvət olunmamağa görə qəm etməyə dəyməz. Çempionlar Liqasında, Avropa Liqasında qələbələri sıralayandan sonra gedib De Byazinin baş məşqçisi olduğu komandada meydana çıxmağı heç Qara Qarayev də özünə rəva görməməlidir. Bəs milli hiss, bəs Vətən? Millət də, Vətən də qələbə arzulayır, gələnə-gedənə uduzub, başından qapaz əskik olmayan komanda yox. Millətin, Vətənin komandası “Qarabağ”dır, yoxsa Canni De Byazinin hələ də nə oynatdığı, ya da oynatmağa çalışdığı bilinməyən yığma komanda? Qara Qarayev, sən lap əvvəldən milli komandada – “Qarabağ”da oynayırsan, narahat olma (komanda.az).

Kürşad

Digər Xəbərlər
Xəbər Lenti