«Karvan»dan çox daxili problemləri olan ikinci komanda yoxdur Azərbaycanda.
Mən bunu iddia etmirəm, müşahidələrimə, gələn xəbərlərə əsasən deyirəm.
Burada Füzuli Məmmədovu istəyən bir kəsdən bəhs edəsi olsaq, o da özüdür. Yevlaxa qədəmini basandan az sonra nələr olub, nələr olmayıb, bilir.
Mənim bildiyim isə budur: «Karvan»ın futbolçuları istəsəydi, «Qarabağ»dan 7 cavabsız top buraxmazdılar.
Bir nəfərin də ürəyindən oynamaq, mübarizə aparmaq, müqavimət göstərmək hissi keçmədi.
«Qarabağ» ilk hissədə qapısına 5 qol vurduğu qonaqları fasilədən sonra «əfv siyahısı»na daxil etdi. «Karvan»ın Allahı burada gətirdi.
Onların halını görən «Qarabağ» qılıncını qınına qaytardı təkrar. 10-15-ə gedəcəkdi fərq əks halda.
Axı bir yerdə nə qədər söz-söhbət, mübahisə, qarşıdurma olar. Klubun idarəçisi yoxmu araşdırsın bunları?
Nə çətin məsələdir, problemlərin qaynaqlandığı səbəbləri öyrənsin və çarəsini tapsın. Bağ burada, bağban burada - radikal qərarların alınmasını niyə yubadırlar?
Onsuz da, turnir cədvəlində axırıncı yer «Karvan»ındır.
«Karvan»ı buadan kran da qaldıra bilməz, gecdir. «Kəpəz» və «Qəbələ» aradakı fərqi açıb, bütün yollar Yevlax təmsilçisini I Liqaya qaytarır yenə.
Ya baş məşqçi ilə vidalaşsınlar, ya da ki, onunla ulduzu barışmayan futbolçuları.
ELXAN

