“Vəziyyəti o həddə çatdırmazdım ki, azarkeş məni vursun” - Mahirin döyülməsinə REAKSİYA

22 Yanvar 2022 17:40 Problem 1 103
“Vəziyyəti o həddə çatdırmazdım ki, azarkeş məni vursun” - Mahirin döyülməsinə REAKSİYA

Mahir Emrelinin dekabrda “Legiya” azarkeşlərinin hücumuna məruz qalması ciddi səs-küyə səbəb oldu.

Məhz həmin hadisəyə görə millimizin üzvü Polşaya qayıtmaqdan imtina etdi, müqavilə ilə məxsus olduğu klub isə onu sərbəst buraxmaqda maraqlı deyil.

Yaşananların hansı formada və kimin xeyrinə başa çatacağını bilmək üçün gözləməyə məcburuq.

İndi sual doğuran əsas məqam o qədər futbolçunun içində azarkeşlərin niyə məhz Mahiri vurmasıdır. Məntiqlə, bütün komanda hücuma məruz qalmalıydı.

Maraqlıdır, vaxtilə ölkə xaricində legioner həyatı yaşamış adlı-sanlı azərbaycanlılardan hansısa biri eyni aqibətlə üzləşsəydi, Emreli kimi davranardı, yoxsa qayıdıb futbolunu oynayardı?

Suala cavab tapmaq üçün vaxtilə 3 fərqli ölkədə Niderlandda (“Tvente”), Rusiyada (ÇSKA, “Volqa”) və Türkiyədə (“Boluspor”, “Qaziantep”) top qovmuş Vaqif Cavadovla əlaqə saxladıq.

Ötənlərin məşhur siması bu mövzuda maraqlı açıqlamalarla yadda qaldı:

“Əvvəla, mən vəziyyəti o həddə çatdırmazdım ki, azarkeş məni vursun.

Oynadığım ölkələrin heç birində klub rəhbərliyi, futbolçu yoldaşlarım, ya da azarkeşlərlə problemim olmayıb. Heç kim haqqımda pis söz deyə, yaxud mənə qarşı pis hərəkət edə bilməzdi.

Nijni-Novqorodda olsun, Boluda, yaxud Qaziantepdə - bu şəhərlərin hər biri çılğın azarkeşlərə sahibdir. Meydana çıxıb futbolumu oynamışam, işimi görmüşəm. Ona görə də heç vaxt problemim olmayıb.

Azarkeşlə dil tapmaq vacib şərtdir. Sən ən yaxşı futbolçu ola bilərsən, amma azarkeşlərin sevgisini qazanmasan, bu, sənin üçün çətin olacaq. Mahirin başına gələnlər dediyimin sübutudur.

Statistikaya baxsaq, Mahirin komandanın ən yaxşı oyunçularından biri olduğunu görərik.

“Legiya”nı qrup mərhələsinə daşıyan, vacib qollar vuran futbolçu da o idi, sonda zərbə alan da o oldu. Azarkeşlərlə münasibət və meydanda kənarda davranış futbolda çox önəmlidir”.

2006-2014-cü illər aralığında Azərbaycan millisinin şərəfini qorumuş Vaqif Cavadov “Tvente”də rəsmi oyunda meydana çıxmasa da, “Volqa”nın heyətində 12 matçın iştirakçısı olub. “Qaziantep”də 21 qarşılaşmada 3, “Boluspor”da 10 görüşdə 1 dəfə fərqlənib.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti