Heç olmasa, sən danışma, Tərlan Əhmədov!

3 Mart 2021 16:00 Problem 1 287
Heç olmasa, sən danışma, Tərlan Əhmədov!

Tərlan Əhmədov yenə iş istəyir.

Axtarır, kürkünü ora-bura vurur.

Qapıdan qovurlar, pəncərədən soxulur. Day yer qalmayıb, künc-bucaq qalmayıb, hara gəldi, dürtür özünü.

Yəqin inanır ki, hardasa alınacaq, bu dəfə də hansısa klub rəhbərinin «saqqızını oğurlayacaq», qılığına girəcək, iş alacaq. Vaxtilə «Neftçi» və «Keşlə»də etdiyi kimi.

O. bu iki klubda da eyni nəticəni göstərib – çempionatda üçüncü yeri tutub. Və hər ikisindən eyni şəkildə qovulub - nəticə ortalığa gələndən az sonra özü ortalıqdan yox olub.

Daha dəqiq təsvir etsək, şələ-küləsini sakitcə veriblər qoltuğuna, göz ağardıblar ki, di, getdin. O da səsini çıxarmadan gedib, bir müddət qaranlıqda yox olub, daha sonra yenidən peyda olub, haray salıb.

Məntiq gözəl elmdir. Bu gözəl elm deyir ki, həyat təsadüflər üzərində qurulmayıb. Futbol da bu həyatın bir parçasıdır və Tərlan Əhmədov işlədiyi yerlərdən oxşar situasiyada uzaqlaşdırılıbsa, hərgah ki, tutarlı bir səbəb olmamış deyil.

O səbəblər isə…

Əhmədovun özünə yaxşı məlumdur, çox yaxşı. Elə nüanslar var ki, yazıb-çizmək, ictimailəşdirmək olmur. İnsanın içindəki hiss ona deyər ki, axı sən niyə bu hala düşdüyünü bilirsən.

Əhmədov «vicdan» adlanan həmin o hissi içində öldürüb. Onun yenidən iş istəməyə, ağlanıb-sısqamağa, qapı-qapı düşməyə məcbur edən qüvvə nəsfdir.

İki cür Tərlan Əhmədov var – işsiz və işləyən. Onlar tamam fərqli insanlardır. İşsiz Tərlan Əhmədov işləyən Tərlan Əhmədovun 180 dərəcə əksidir.

Əhmədovu aylarla bekar görən biri işə keçəndən sonra 1-2 oyun qələbə qazanan Əhmədovla qarşılaşsa, onu qətiyyən tanımaz.

Təkəbbür, əda, qarşısındakına yuxarıdan aşağı baxmaq, yalan danışmaq, daha nələr, nələr… Hamısı onda var, beş çömçə artıq həm də.

Heç bir klub rəhbəri nəticə verən məşqçi ilə işbirliyinə durduğu yerdə son qoymaz. Mütləq nələrsə olub, nələrsə edib ki, «Neftçi»dən, ardınca «Keşlə»dən eyni səpgidə qovulub.

Əli-ayağı düz, əməlisaleh baş məşqçinin adı «kontor» adamlarının dilinə düşməz. Belələri yan-yörəsinə reputasiyası ləkəli məşqçiləri, adminstratoru toplamaz.

Hələ bunlar azmış kimi, o, yalvar-yaxarla, tanış-bilişlə, xahiş-minnətlə iş aldığı klubun rəhbər fiqurantlarına bir müddət sonra arxa çevirərsə, kölgələrini qılınclayarsa…

Bu mənada, Kamran Quliyev də, Zaur Axundov da doğru addım atıb. Hər ikisi haqq edib.

İllərdir evdə oturan, iş almayan, qəpik-quruşa möhtac qalan xeyli məşqçi var. Necəsini tanıyıram ki, abır-həyasınaı qoruyur, AFFA və PFL-in qapısında yatıb qalmır, özünüə rəhbərlərin otağına soxub göz yaşı tökmür, dəsmal götürüb ağlamır.

Təmkinlərini pozmur, qürurlu tərpənir, şəstini əymirlər. Tərlan Əhmədov isə bir gün Ramin Musayevin, bir gün Elxan Məmmiədovun zəhləsini tökür, hamısını səhər-axşam dəng eləyir, sonra da efirə çıxıb, təmiz birisi olması haqda nağıllar uydurur.

Olmaz belə, biz ki səni yaxşı tanıyırıq… Daha doğrusu, sən özünü bizlərə yaxşı tanıtdın, Tərlan Əhmədov…

Məşqçi məşqçinin paxırını açmaz, səhvini aləmə car çəkməz. «Həmkar mədəniyyəti» adlanan bir məfhum var. Bu, yazılmayan, amma daşdan keçərli qanundur.

Peşəsinə dəyər verən şəxs bu yazılmayan qanunlara baş ilə riayət edir, canı ilə sadiq qalar. Bu nədir, Samir Abasovu «asıb-kəsmək» hansı etikaya, məşqçi təəssübkeşliyinə sığır, Əhmədov?

Qoy, onu ekspertlər, jurnalistlər müzakirə etsin, sənə nə düşüb? Abasov səhvi və düzü ilə baş məşqçidir, işini «Neftçi»də davam etdirir.

Həmkarının oynatdığı futbolu, seçdiyi heyət və taktikanı lağa qoymaq, onun əleyhinə danışmaq özünə məşqçi deyənin peşə nadürüstlüyüdür.

Samir Abasov zəif məşqçidir, güclü məşqçidir, bunun sənə dəxli yoxdur və olmamalııdır, Əhmədov! Klubun rəhbəri var, idarəçisi var, bu məsələ otnların onların daxili işidir.

Abasovunn görəvə gətirilməsinin doğru və ya yanlış qərar olmasıı da onlara aiddir. Bunu mətbuat, uzaqbaşı, azarkeşlər müzakirə, yaxud tənqid edə bilər, sən isə yox, Əhmədov!

Abasovun seçdiyi taktikanın, bəyəndiyi futbolçuların sənə nə isti-soyuğu? Beş müdafiəçi ilə oynayır, ya oynamır - bundan sənə nə, Əhmədov?

«Yuventus»,,»Mançester Yunayted», «İnter», «Borussiya» kimi Avropanın nəhəng komandaları da çox vaxt «beşli» müdafiə bloku ilə meydana çıxır, demək, onların məşqçilərinə olar, Samir Abasova olmaz?

Klubların böyük-kiçikliyi baş məşqçilərinin müdafiə, yoxsa hücum futbolu oynatması ilə ölçülmür. Qiyməti nəticə müəyyənləşdirir.

Sezonun sonu gəlsin, qiymətləndirmə aparılar. Onda da sən tərəfdən yox, Əhmədov!

Guya, «Neftçi» və «Keşlə»yə oynatdığın futbolun adıı nə olub ki, sənin? «Qarabağ» və «Kəpəz»dən «hörmət» görməsəydin, «Neftçi»də üçüncü yeri görməyəcəkdin.

Yaxud da ötən mövsüm yarımçıq dayandırılmasaydı, bilmək olmazdı ki, «Keşlə» bürünc medalı əldə edəcəkdi, ya etməyəcəkdi.

Bu illər ərzində 20-yə yaxın legioner aldırmısan, içlərində «ən yaxşı» deyə biləcəyimiz yeganə adres Con Kamaradır. O da ki belə… Filtrsiz pivə ilə gedər. Yəni, böyük işlər üçün deyil.

Həmişə transfer bazarlğından özün qabağa düşüb, klubu ziyana salmısan, Samir Abasovun gözündə tir axtarmaq indi sənin hara yaraşır? Hansı üzlə?

Deyir, kor kora lağ eləməsə, bağrı çatlayar.

Xəzər Hikmət

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"