"Onun təxribatçı addımı Azərbaycan-Rusiya münasibətlərinə ziddir”

25 Yanvar 2021 20:50 Problem 1 127
"Onun təxribatçı addımı Azərbaycan-Rusiya münasibətlərinə ziddir”

"Rusiya Dövlət Dumasının hakim “Vahid Rusiya” partiyasından olan üzvü, qatı ermənipərəst mövqeyi ilə tanınan Vitali Milonovun erməni KİV-nə müsahibəsi zamanı Azərbaycan dövlətinə və xalqına qarşı qəbuledilməz ifadələr işlətməsini qəti şəkildə pisləyirik”.

Sportinfo.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Rusiya Dövlət Dumasının üzvü V.Milonovun erməni kanalına müsahibəsini şərh edərkən bildirib.

XİN rəsmisi qeyd edib ki, Dövlət Dumasının üzvü Vitali Milonov Azərbaycan Respublikasının müvafiq qanunvericiliyini pozaraq, ölkəmizin işğaldan azad olunmuş ərazisinə qeyri-qanuni səfər etdiyi üçün onun adı Azərbaycana girişi qadağan olunan xarici vətəndaşlar siyahısına əlavə edilib:

“Rusiya Dövlət Dumasının üzvü Vitali Milonovun Azərbaycan əleyhinə atdığı növbəti təxribatçı addımı Azərbaycan və Rusiya arasında mövcud olan yüksək səviyyəli münasibətlərə tamamilə ziddir.

Dövlət Dumasının üzvünün belə bir məsuliyyətsiz və Rusiya Federasiyasının rəsmi mövqeyinə uyğun gəlməyən davranışı ölkələrimiz arasında münasibətlərə kölgə salmaq cəhdidir.

Onun bu çıxışı, həmçinin, Rusiya da daxil olmaqla, bölgə ölkələrinin uzun illərdir davam edən düşmənçiliyə son qoyulması və xalqlar arasında sülh, əmin-amanlıq və əməkdaşlığın təmin olunması istiqamətində atdığı addımlara xələl gətirir.

Azərbaycan və Rusiya arasında strateji xarakterli tərəfdaşlıq münasibətləri hər iki ölkə Prezidentlərinin sıx təmasları ilə intensiv şəkildə inkişaf etməkdədir.

Dövlət Dumasının üzvü statusundan istifadə edərək bu münasibətlərə xələl gətirmək cəhdləri qəbuledilməzdir və uğursuzluğa düçardır”.

Digər Xəbərlər
Xəbər Lenti