Elxan Məmmədovun klubları və Azərbaycan klubları - AYRISEÇKİLİK

27 May 2020 17:52 Premyerliqa 1 081
Elxan Məmmədovun klubları və Azərbaycan klubları - AYRISEÇKİLİK

Sirr deyil ki, acınacaqlı durumda olan futbolumuzun ana sponsoru ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) ali futbol qurumumuzla - AFFA ilə yanaşı klublara da dəstəyini əsirgəmir.

Bu "xeyirxah” əməl UEFA-nın qaydalarına zidd olsa da, "klub qəbiristanlığı”nda "məzar”ların sayının artmamasına hesablanmış məcburi addımdı.

Etiraf etmək lazımdı ki, sözügedən ianə mövsümü normal yola vermək üçün klublara böyük dəstəkdi. Elə bu məqsədlə də, SOCAR-dan hər il ayrılan MİLYONLAR AFFA-nın vitse-prezidenti Elxan Məmmədovun ədalətinə həvalə edilib.

Cənab Məmmədovun ədalət tərəzisi isə illərdi "bu mənim klubumdu, bu Azərbaycan klubudu” prinsipi ilə işlədiyindən klubların haqlı narazılığına səbəb olur. Düzdü, bu narazılıqlar açıq-aşkar, rəsmi formada olmadığından çoxlarımız baş verənlərdən xəbərsizik.

Sual oluna bilər, niyə rəsmi şəkildə etiraz edən yoxdu ki, ictimaiyyət də xəbərdar olsun? Cavabı çox sadədi: ayrılan milyonlar rəsmi deyil!

Dövlətin futbola və klublara diqqətini, yardımını FİFA, UEFA qadağan etmir. Təbii, bu diqqət, yardım proporsional qaydada aparılsa... Yenə sual yaranır ki, bu maliyyə dolayısı ilə dövlətdən çıxırsa, niyə rəsmiləşdirilmir?

Niyəsinə nəzər salaq...

Azərbaycanda futbolun inkişafına birbaşa cavabdeh olan qurum AFFA-dı. Məhz sözügedən maliyyənin rəsmiləşməsi üçün də bu qurum tərəfindən proqram hazırlanıb dövlətə təqdim olunmalıdı. Və bundan sonra AFFA kənara çəkilməli, klublar dövlət tərəfindən ayrılan yardımı birbaşa özləri almalıdı. Yuxarıda qeyd etdiyim kimi, bu yardıma AFFA qarışarsa, beynəlxalq qaydaları pozmuş olar. Futbol qurumunda da bu işlər Elxan Məmmədovun səlahiyyətindədi. Elxan bəyin bu ianədə marağı yoxdursa, klubları mənim, sənin prinsipi ilə bölmürsə, niyə milyonların rəsmiləşməsinə imkan vermir? Azərbaycan Premyer Liqasında çıxış edə səkkiz komandadan beşi məhz cənab Məmmədovun kurasiyasındadı. Üç klub vitse-prezidentin daim ögey münasibətinin qurbanıdı.

Elxan Məmmədovun xeyir-duası ilə klublara ayrılan təxmini illik yardımı diqqətinizə çatdırım.

"Neftçi” - Məlum məsələdir ki, SOCAR tərəfindən maliyyələşir və Məmmədovun bu büdcənin təyin olunmasında rolu böyükdü. İllik 10 milyon manat civarında...

"Keşlə” - ötən mövsüm 7, bu mövsüm 5 milyon.

"Sumqayıt” – "Azərkimya”dan əlavə, hər il 1 milyon manat. Milyondan başqa, əksər xərcləri AFFA ödəyir. Məsələn, bəzi futbolçuların maaşı assosiasiya tərəfindən verilir. "Gələcəkdə bu futbolçularin millidə oynamaq perspektivi var” kimi rəsmiləşir. Belə futbolçulardan Peyman Babaini misal gətirmək olar. İcarə əsasında oynayır və icarə haqqı 50 min dollardı. Sözügedən oyunçunun xərcini tam olaraq AFFA çəkir. Bəzi futbolçuların maaşlarının yarısını "Sumqayıt”, yarısını AFFA verir. Elə xərclər var ki, federasiya boynuna götürüb. Təkrar diqqətinizə çatdırım ki, bu pulların ayrılan milyona aidiyyatı yoxdu.

"Səbail” - keçən il 4, bu mövsüm üçün 2-2,5 milyon manat verilib.

"Sabah” - 1,5 milyon manat.

Hətta vitse-prezidentin klubları arasında bir-birinə qarşı qısqanclıq da var. Zaman-zaman "Sumqayıt”ın "biz "Keşlə”dən daha yaxşı klubuq. Niyə onlara bizdən çox pul ayrılır” sualı ilə etiraz etdiyi də bildirilir.

Yaxşı, bəs bu siyahıda niyə "Qarabağ”, "Qəbələ”, "Zirə” yoxdu? Deyə bilərsiz ki, "Qarabağ”ın büdcəsi belə, sponsoru belə... Nə dəxli var? Dolayısı ilə dövlət tərəfindən gələn puldu, uşaq futbolunun inkişafına və ya maliyyə səbəbindən yubanan hansısa başqa işə ayrılacaq.

Bu üç klub rəhbərliyi ilə "vitse”nin münasibətinin sərin olması heç kəsə sirr deyil. Adları çəkilən elita təmsilçilərində kadr yerləşdirmək imkanının mümkünsüzlüyü qeyd etdiyim ayrıseçkiliyin əsas səbəbidi. Yəni dövlətdən gələn maliyyə şəxsi münasibətlər və prinsiplər üzərindən bölüşdürülür.

"Qarabağ” üçün bəhanə gətirə bilərsiz, bu gün ehtiyyacı olan "Qəbələ”yə, "Zirə”yə niyə ayrılmasın ortada olan milyonlardan? Bu klublar dəstək verdiyiniz "otkat” komandalarından azmı xeyir verib Azərbaycan futboluna?

Təəssüf ki, cavab eynidi, yuxarıda qeyd etdiyim kimi...

Bu mənim klubumdu, onlar isə Azərbaycanın.(fanat.az)

Əli Sahib

Digər Xəbərlər
Xəbər Lenti