Stadionlar Premyer Liqanın oyunlarını qəbul etməyə hazırdır? - SORĞU

16 May 2020 18:16 Premyerliqa 582
Stadionlar Premyer Liqanın oyunlarını qəbul etməyə hazırdır? - SORĞU

Sportinfo.az xəbər verir ki, ötən ilin sonlarında Çinin Uhan şəhərində ortaya çıxan və dünyada sürətlə yayılmağa başlayan koronavirus pandemiyası səbəbindən artıq iki aydan çoxdur Azərbaycan Premyer Liqası dayandırılıb.

Üstəlik, idman qurğularının fəaliyyətinə qadağa qoyulduğundan, klublar stadionlarda məşqə belə çıxa bilmirlər. Məcburi fasilə yazın gəlişi dövrünə təsadüf etdiyindən, oyunların keçirilməməsi stadionların ot örtüyünün vəziyyətinə də mənfi təsir göstərə bilər.

Premyer Liqanın yaxın vaxtlarda bərpa olunacağı gözlənilir. Artıq hakimlər və komanda üzvləri koronavirus testlərindən keçməyə başlayıblar. Görəsən, Premyer Liqa təmsilçiləri pandemiya dönəmində arenalara necə qulluq ediblər və çempionat bərpa olunacağı təqdirdə, stadionlar məşqlərə, oyunlara hazırdırmı?

"Qarabağ" klubunun Mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov "report"a açıqlamasında deyib ki, pandemiya dönəmində müvafiq icra qurumlarından lazımi icazələri alıblar. Eyni zamanda mərhələli olaraq stadionların qulluq, bərpa işləri həyata keçirilib: "Bu baxımdan, hər hansı bir problem olmayıb, oyunlarımızı keçirdiyimiz Tofiq Bəhramov adına Respublika Stadionu və "Azərsun Arena"nın durumu qənaətbəxşdir".

Klub rəsmisi çempionat bərpa olunacağı təqdirdə, qarşılaşmalarını hansı arenada keçirəcəkləri ilə bağlı qərar vermədiklərini sözlərinə əlavə edib: "Hələ ki, konkret fikir bildirmək mümkün deyil. Hazırda hansısa qərar olmadığı üçün danışmağımız heç nəyi dəyişmir. Premyer Liqanın bərpası ilə bağlı qərar verildikdən 20-25 gün sonra oyunlar keçiriləcək. O müddətdə hansısa qərar verə bilərik".

"Azərsun Arena"

"Neftçi" klubunun ev oyunlarını keçirdiyi "Bakcell Arena"nın meneceri Kənan Minayev "Report"a arenada yüngül renovasiya işlərinin görüldüyünü söyləyib: "Ot örtüyünə gübrələr verilib və bir az toxum əlavə olunub. Hazırda çempionatın başlamasını gözləyirik".

Minayev karantin dövründə yalnız məhdud sayda işçilərin xüsusi icazə ilə stadiona baxmaq üçün işə çıxdıqlarını söyləyib: "Hamımız karantin qaydalarına əməl etmişik. Yalnız meydana nəzarət edən şəxslər işə gediblər. Başqa heç kim işə buraxılmayıb. "Bakcell Arena" oyunlar üçün tam hazırdır və yaxşı vəziyyətdədir. 2 aydır matçlar olmadığı üçün daha yaxşı durumdadır. Arena həm də dezinfeksiya olunub, çempionat başlayana yaxın daha bir dəfə ediləcək".

"Bakcell Arena"

"Keşlə" klubunun Mətbuat xidmətinin rəhbəri Murad Axundov "ASK Arena"nın ot örtüyününü süni olması səbəbindən narahatlığa əsas olmadığını vurğulayıb. "Hazırda meydan və stadion ideal vəziyyətdədir. Arenada bir dəfə dezinfeksiya tədbiri görülüb və yenə görüləcək".

"ASK Arena"

"Zirə"nin Mətbuat xidmətinin rəhbəri Elmar Abdullazadə Zirə İdman Kompleksinin meydanlarında hər şeyin qaydasında olduğunu deyib: "Hər şey klubun nəzarəti altındadır. İşlər məhdud sayda əməkdaşın icazəsi ilə görülür. İcazə veriləcəyi təqdirdə, oyun və məşqləri qəbul etmək üçün tam hazırıq".

Zirə İdman Kompleksi

"Sabah" klubunun ev oyunlarını keçirdiyi "Bank Respublika Arena"nın meneceri Yaqub Mirzəyev ot örtüyünə mütəmadi qulluq olunduğunu söyləyib: "Hazırda həm əsas, həm də ehtiyat meydanlar ideal vəziyyətdədir. Stadion oyunları və məşqləri qəbul etməyə tam hazırdır. Bundan əlavə, arenada dezinfeksiya işləri də aparılıb. Bu cəhətdən də heç bir problemimiz yoxdur".

"Bank Respublika Arena"

"Qəbələ"nin Mətbuat xidmətinin rəhbəri Anar Hacıyev Qəbələ şəhər stadionunun Premyer Liqanın oyunlarını qəbul etməyə hazır olduğunu vurğulayıb: "Meydançalar istirahət edib. Demək olar ki, hamısı ideal səviyyədədir. Bizdə icazə aldığımız işçilər var idi ki, onlar stadionla bağlı işlərə yönləndirildi. Məsələn, stadionun ot örtüyünə mütləq baxılmalıdır, ona görə bir neçə nəfər daimi olaraq stadionu nəzarətdə saxlayıb. İnfrastrukturlarımız hər zaman ideal vəziyyətdə olub. Hazırda oyun və məşq olmadığı üçün daha da ideal vəziyyətdədir. Hər hansı problem yoxdur. Premyer Liqanın oyunlarını və məşqləri qəbul etməyə tam hazırdır. Arenanın dezinfeksiya olunması ilk günlərdən gündəmdə olub. Çempionat dayandırılan vaxtlarda həm klubun akademiyasını, həm də əməkdaşlarımızın girmək ehtimalı olan bütün yerləri dezinfeksiya etdirmişdik".

Qəbələ şəhər stadionu

"Səbail" klubunun ev oyunlarını keçirdiyi "ASCO Arena"nın meneceri Rza Həsənov pandemiya dövründə karantin qaydalarına əməl etdiklərini bildirib: "Arenanı martın sonlarında bir dəfə dezinfeksiya etmişik və dünən də bunu reallaşdırdıq. Süni ot örtüyü üçün elə də qulluq etməyə ehtiyac yoxdur. Yalnız darama və sulamaya ehtiyac var. Bunu da işçilər həyata keçirib. Məşqlər başlayandan sonra arenada məhdud sayda işçi ilə çalışacağıq. Çox az insan işləyəcək. İşçilər növbəli şəkildə gələcəklər. Onları iki qrupa bölməyi planlaşdırırıq. Birinci qrup 1, 3 və 5-ci, ikinci qrup isə 2, 4 və 6-cı günlərdə işə gələcəklər. Çalışacağıq ki, işçilər də yetəri qədər bir-biriləri ilə ünsiyyət qurmasın".

"ASCO Arena"

"Sumqayıt" klubunun Mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov "Kapital Bank Arena"da əsas meydançadan başqa təbii örtüklü köməkçi arenaya da qulluq etdiklərini deyib: "Stadionumuzun ərazisində iki təbii örtüklü, bir standartlara cavab verən süni, iki dənə isə mini süni meydança mövcuddur. Təbii örtüklü meydanların qulluğu "Aqrosport" şirkətinə məxsusdur. Onların əməkdaşları pandemiya dövründə hər gün işdə olublar və stadiona qulluq ediblər. Həm məşq, həm də oyun meydançası, həqiqətən, çox ideal vəziyyətdədir. Hələ bu günə kimi bu səviyyədə olmayıb. Çünki qulluq yüksək səviyyədə aparılır və hər hansı bir yüklənmə, məşq olmadığı üçün ot örtüyü daha ideal vəziyyətə gəlib çıxıb.

"Kapital Bank Arena"

Süni meydança isə stadionumuzun menecerləri tərəfindən tez-tez olmasa da, ən azı həftədə bir dəfə, 10 gündən bir daranıb. Təbii ki, süni ilə təbii meydana baxmaq arasında çox fərq var. Əvəzedici və akademiyanın komandaları oyunları süni örtüklü meydanda keçirir. O da ideal vəziyyətdədir. Operativ Qərargah məşqlərin bərpasına icazə versə, PFL və AFFA-nın çempionatın keçirilməsi ilə bağlı hər hansı göstərişi olarsa, həm məşq meydanı, həm də arena tam ideal vəziyyətdədir və oyunlara hazırdır".

Qeyd edək ki, Azərbaycan Premyer Liqası martın 13-də koronavirus pandemiyası səbəbindən yarımçıq dayandırılıb. PFL daha əvvəl mayın 4-də ölkədə karantin rejimi ləğv olunacağı halda, mayın 21-də I Divizionun, mayın 23-də isə Premyer Liqanın bərpasının nəzərdə tutulduğunu açıqlayıb. Amma karantin rejiminin mayn 31-dək uzadılması futbola tətbiq olunan qadağanın qüvvədə qalmasına səbəb olub.

Xəbər Lenti