"Qarabağ"la "Sabah"a "yem" edilən klub(lar) hansı(lar)dır?

19:00 Premyerliqa 83
"Qarabağ"la "Sabah"a "yem" edilən klub(lar) hansı(lar)dır?

Cəmi bir oyundan sonra hamı "Sumqayıt"ı asıb-kəsir.

Heç kim klubun 5 yetirməsi ilə meydana çıxmasını görmək istəmir.

Əslində buna görə təqdir olunmalı klub aşırı tənqid olunur. Təhqirə keçənləri də görürük. Bəzi rəy yazanların saxta profillər olmasından niyyətlərinə qədər bələdəm.

Guya siz bilmirsiniz ki, qapıçı Xəyalın 21, müdafiənin cinahlarında çıxış edən Vüsalın 18, Nadirin 19, sol vinger Nihadın 20 yaşı var?

Bu gün müasir futbolda oyunun taleyini sol-sağ müdafiəçilər həll edir.

Düşünün "Sumqayıt"da həmin mövqedə çıxış edənlərin 18-19 yaşı var.

Hamısını yaxşı bilirsiniz, amma manipulyasiya edirsiniz. Yerli publikanı klubun üzərinə qaldırmaq üçün.

Əminliklə deyirəm ki, sağda Abdul Raşid Mumini ("Şamaxı"ya göndərilən), solda zədəli Keffel olsaydı belə "Neftçi"yə məğlubiyyət qaçılmaz idi. Ortada keyfiyyət fərqi var.

"Qəbələ" 9, "Şəfa", "Kəpəz" və "Şamaxı" 8 legionerlə meydana çıxıb "Sabah"ı uda bildi, yoxsa "Turan"la "Qarabağ"ı?

Onsuz da limitin ləğvindən sonra azərbaycanlı oyunçuların soyqrımı gedir.

Ötən mövsüm ən çox akademiya uşaqlarına güvənən "Qəbələ" bu sezon qabığını dəyişdi. Bölgə klubu çevrilib afrikalıların düşərgəsinə. Öz yetirmələri kənarda qalıb, Afrikadan kimi gəldi tutub gətirirlər ki, bəlkə içindən təsadüfi bir Ovusu çıxar.

Yetirmələrinə güvənən bircə "Sumqayıt" qalıb, onu da dar ağacından asmağa hazırsınız.

Onsuz da zədəlilər qayıdandan, yeni transferlər gələndən sonra "kimyaçılar"da da əcnəbilərin sayı artacaq.

Amma ciddi nəsə dəyişməyəcək. Bu klub maksimum 6-7-ci pillələrdən birini tuta bilər.

"Sumqayıt" böyük futbol şəhərinin klubudur.

Yaxın keçmişdə 3 dəfə avrokuboklarda çıxış edib, 2 dəfə ölkə kubokunun finalında oynayıb. Amma indi bunu klubdan gözləməyin!

Əvvəlki illərdə klub rəhbərliyini az tənqid etməmişik.

Amma bu dəfə günahkar isə nə klub rəhbərliyidi, nə də futbolçular.

Hər şeyin kökündə AFFA-nın verdiyi uğursuz qərar dayanır.

Limitin ləğv edilməsi klubların inkişaf etdirilməsinə xidmət kimi təqdim edilir.

Amma əsas mahiyyəti kiçik klubları böyüklərə "yem" etməkdir.

Bilirəm, ağlınızdan keçən ilk sual "axı nə dəxli var" olacaq.

Dəxli çoxdur. Elə detalları bilmədiyiniz üçün rəylərdə nə gəldi yazırsınız. Futbolumuz həm də elə sizin kimi məsələlərə səthi yanaşan azarkeşlərə görə bu gündədir. Hələ özünə peşəkar deyən eyni təfəkkürdə olanları demirəm. Nəsə...

Keçək sözümün mustafasına.

Limitin ləğvindən sonra yeni qaydalar tətbiq olundu. Bunlardan ən kritiki 13-cü legionerə görə 100 min manat tələb olunmasıdır.

Guya məqsəd klubların kimi gəldi gətirməsinin qarşısını almaqdır. Ağ yalandır. Guya gələnlər arasında 5-ci sort legioner yoxdur? Nə qədər desən...

Ötən mövsüm "Karvan-Yevlax"ın gətirdiyi 12 əcnəbindən biri də yayda digər klublarımıza lazım olmadı. Bu faktın özü klublarımızın nə qədər yararsız gəlmələrə üz tutduğunu göstərir.

13-cü legionerə 100 min manat, 16-cı legionerə 200 min manat rüsum qoymaq imkanlı klubların əlinə su tökməkdir.

Limitin ləğvini ədaləti rəqabət kimi təqdim edənlər hardadır? Budur şəfaf rəqabət?

Büdcəsinə görə ikinci altılıqda olan klubların gətirdiyi legionerlərin illik maaşı 100 min manatdır. Hansı dəli klub rəhbəri illik maaşı 70,80,100 min manat olan legionerə görə 100 min manat da rüsum ödəyər? Heç kim.

Bu gün "Kəpəz" önünə çıxan "Sabah"ın ikinci heyətində 9 legioner var.

"Qarabağ" "Şamaxı" qarşısında əsas heyətdə 10 əcnəbi meydana buraxmışdı.

Oyunun protokolunda 17 legioner limiti dolduğu üçün bəzi legionerləri tribunadan oyunu izləyirdi.

"Sumqayıt" isə zədələnən yeni əcnəbi qapıçısının yerinə başqa əcnəbi transfer etməkdə tərəddüd edir.

Niyə "Sumqayıt", "Şamaxı", "Kəpəz", "Şəfa" məcbur qalıb yerli oynatmalıdı, amma "Qarabağ", "Sabah", "Turan Tovuz" istədiyi qədər yadellini heyətinə qatmalıdır? Pulu var ona görə?

Azərbaycan çempionatı təkcə imkanlı klubların yox, həm də kasıbların liqasıdır.

Əvvəlki illərdə milli üzvü olan legionerə rüsum tələb olunmurdu. İndi o qayda da yoxdur. Kimsə hər şeyi zərgər dəqiqliyi ilə ölçüb-biçib. Belə nə inkişaf olar, nə də sağlam rəqabət.

Elə qaydalar tətbiq olunub ki, yaxın keçmişdə iddialılara başağrısı olan, sürpriz edib avrokuboklara belə gedən "Sumqayıt" kimi ortabab büdcəli klublar da liqada qalmaq üçün mübarizə aparır.

Düz də edir. Çünki hazırkı şərtlər altında nə qədər ideal rəhbər, ideal baş məşqçi, fantastik seleksiyaner olsan da 18-20 legioneri olan rəqiblərlə ayaqlaşa bilməzsən.

Bunu bilmək üçün mütəxəssis olmaq lazım deyil.Vicdanın olsa bəsdir...

XANOĞLAN İMANOV/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
17 Avqust 17:20 "Qarabağ"dan ŞOK XƏBƏR!