Futbolumuzda "qanlı bazar" - İlqar Tağıyev yazır

14 May 13:40 Premyerliqa 447
Futbolumuzda "qanlı bazar" - İlqar Tağıyev yazır

Azərbaycan Premyer Liqasında növbəti mövsüm başa çatmaq üzrədir. Cəmi 2 tur qalıb.

Sabah - bazar günü 27-ci turun oyunları keçiriləcək. Çempionata isə gələn şənbə yekun vurulacaq.

Premyer Liqamızda 8 komanda iştirak etsə də, maraqlı mübarizənin şahidi oluruq. Doğrudur, ötən mövsümdən fərqli olaraq, "Qarabağ" bu dəfə əvvəlki səhvi buraxmayaraq, növbəti dəfə vaxtından əvvəl çempionluğu təmin etdi.

Qalan 2 turda ağdamlılar mövsümü "yola vermək"lə məşğul olacaqlar. Bu, 2-ci yeri özünə təmin etmiş "Neftçi" və 6-cı pillədə qərarlaşmış (ən pis halda 7-ci olacaq - red.) "Şamaxı"ya da aiddir.

Bəs, qalan 5 komanda? Onlardan "Zirə", "Sabah" və "Qəbələ" Konfrans Liqasına vəsiqə və bürünc uğrunda mübarizə aparırlarsa, "Sumqayıt" və "Səbail" autsayder olmamağa çalışır.

3-cü yeri tutmağa hansı komandanın şansı daha çoxdur? Turnir cədvəlinə fikir versək, "Zirə" bürüncə daha yaxındı. Sabah heç nəyə iddiası qalmayan "Neftçi"ni qonaq edəcək Rəşad Sadıqovun komandası son turda eyni vəziyyətdə olan "Şamaxı" ilə qarşılaşacaq. Tarixində 2-ci dəfə mükafatçılar sırasına düşmək "Zirə"nin öz əlindədir. 100 faizlik nəticə olmayacağı təqdirdə "bürünc" "Zirə"nin əlindən çıxa bilər. Çünki "Zirə"dən 2 xal geridə olan "Qəbələ" "Şamaxı"nı, son turda isə "Sabah"ı məğlub edəcəyi təqdirdə xal ehtiyatı baxımından ya əsas rəqibini keçəcək, ya da xalları bərabərləşdirəcək. Bu halda isə üstün tərəf əyalət komandası olacaq. Çünki çempionatda bu komandalar arasında keçirilən oyunlarda üstün tərəf "Qəbələ"dir - 1:1, 2:1, 0:0, 3:0.

"Sabah"ın 3-cü yeri tutmaq ehtimalı çox azdır. Bu, o halda baş verə bilər ki, "Zirə" də, "Qəbələ" də hər 2 oyunda qalib gələ bilməsin, "Sabah" isə 2 oyuna 6 xal qazansın. Maraqlı vəziyyət yaranır - "Zirə" ilə "Sabah"ın xalları eyni olsa və "Qəbələ"ni keçsələr, üçüncülük Masazır təmsilçisinə qismət olacaq. Bu komandaların öz aralarında keçirdikləri oyunlarda üstün tərəf yoxdur - 1:1, 3:3, 0:2, 3:1. Amma top fərqi "Sabah"da daha yaxşıdır. Bu tura kimi sözügedən göstərici "Sabah"da 39-31, "Zirə"də isə 32-27-dir. Ehtimal etdiyimiz kimi, "Zirə" 2 turda qalib gəlməsə, top fərqi də çoxalmayacaq. "Sabah" isə 6 xal toplayarsa, "+6"nı daha da artıracaq.

Başqa bir maraqlı vəziyyət - "Qəbələ" və "Sabah"ın xalları eyni olarsa və hər ikisi "Zirə"ni keçərlərsə... Bu halda da üstün tərəf "Sabah" olacaq. Bu mövsüm bu komandalar arasında keçirilən 3 oyunun birində "Qəbələ" (2:0), ikisində isə "Sabah" (3:1, 3:0) üstün olub. 4-cü qarşılaşma son tura təsadüf edəcək ki, bu da turun mərkəzi görüşü olmaqla yanaşı ("Neftçi" - "Qarabağ" oyunundan daha əhəmiyyətli -red.), həm avrokuboklara vəsiqənin taleyini həll edəcək, həm də "bürünc"ün. Təbii ki, əgər yazımızın bu abzasındakı irəli sürdüyümüz ehtimalımız özünü doğrultsa.

Avrokuboklara gedəcək komandalara gəlincə, "Qarabağ"ın Çempionlar Liqasında, "Neftçi"nin isə Konfrans Liqasında çıxışı dəqiqdir. Qalan 2 vəsiqənin taleyini məhz haqqında bəhs etdiyimiz "trio" həll edəcək. Komandaların hər birinin şansı öz əlindədir. Ən üstün vəziyyət "Zirə"dədir. 43 xalı olan komanda qalan 2 turda 1 qələbə qazanmaqla avrokuboka vəsiqəni özü üçün təmin edəcək. Üstəlik, "Zirə" Azərbaycan Kubokunun finalına çıxmaqda bu şansı daha da artırıb. Düzdür, finalda rəqib güclü "Qarabağ"dı. Amma nəzərə alaq ki, final 1 oyundan ibarətdir və futbolda hər an sürpriz gözləmək olar.

"Qəbələ", yoxsa "Sabah"? Bu komandalardan hansı 4-cü vəsiqəni qazanmağa yaxındır? Və ya hansı qazansa yaxşıdır? Birinci sualın cavabına böyük ehtimalla son turda Qəbələdə aydınlıq gələcək. Əlbəttə, bu tur "Sabah" "Sumqayıt"a qəlib gələrsə. "Sabah"ın xal itirəcəyi, "Qəbələ"nin "Şamaxı"ya qalib gələcəyi halda son tura kimi avrokubok təmsilçilərimizin adları bəlli olacaq. Təkcə "bürünc"ün taleyi və az ehtimalla hansı komandanın autsayder olması naməlum qalacaq. İkinci suala gəlincə, komandaların hazırkı vəziyyətinə və maliyyə dayaqlarına nəzər yetirsək, "Sabah"ın ölkəmizi Avropada təmsil etməsi daha "şirin" görünür. Amma "Qəbələ"nin də haqqına girməyək. Kiçik büdcə ilə bu mövsüm özündən söz etdirməyi bacaran komanda Konfrans Liqasında bir neçə mərhələ adlaya bilər.

Azərbaycan futbolunda çatışmazlıqlardan biri idman prinsiplərinin qorunmamasıdı. Neçə mövsümdür ki, çempionatımız 8 komanda ilə keçirilir. Bu, bir yana, çempionatda komanda dəyişikliyi olmur. Sonuncu pilləni tutan komanda yenə də Premyer Liqada qalır, 1-ci Divizionda çempion olan komanda isə... Ya elə orada çıxışını davam etdirir, ya da dağılır. Gələn mövsümdən etibarən Premyer Liqada axır ki, komanda sayı artacaq. Çempionatda 10 komanda iştirak edəcək. Futbolumuz adına əla hadisədi. Kaş ki, idman prinsipləri də bərpa olunsun. Cari çempionatda sonuncu pilləni tutan komanda onsuz da gələn ildə elitada çıxış edəcək. Əksinə olsaydı, çempionatın son turlarında 7-ci yer uğrunda gərgin mübarizənin şahidi olacaqdıq. Mövzudan uzaqlaşmayaq, bu il sonuncu kim olacaq -"Sumqayıt", yoxsa "Səbail"?

Hazırkı vəziyyətdə "Sumqayıt" "Səbail"dən 3 xal öndədir. Amma bu o demək deyil ki, autsayder artıq məlumdur. Sabahkı turda "Sumqayıt"ı avrokubokları hədəfləmiş və yaxşı formada olan "Sabah"la ağır oyun gözləyir. Qonaqların qalib gəlmək, hətta 1 xal götürmək ehtimalı çox azdır. Eyni fikir "Səbail"ə də aiddir. "Qarabağ"ı qonaq edəcək Bayıl təmsilçisi ən yaxşı halda 1 xala ümid edə bilər ki, bu da nə "yaraya məlhəmdi", nə də vəziyyəti dəyişir. Autsayderin kimliyinə böyük ölçüdə 28-ci turda aydınlıq gələcək. Məhz bu turda "Sumqayıt" "Səbail"i qəbul edəcək. Bu tura xal fərqi dəyişməzsə, "Sumqayıt"ı heç-heçə də qane edəcək ki... biabır olmasın. Məğlub olacağı təqdirdə isə... tragikomik vəziyyət onda yaranacaq. Qışda Ayxan Abbasovu Aleksey Baqa ilə dəyişən klub rəhbirliyi azından sumqayıtlı azarkeşlər qarşısında bu əvəzetməyə cavab verməli olacaq. Yeri gəlmişkən, bu komandalar arasında üstün tərəf hələ ki "Sumqayıt"dı - 0:1, 2:0, 1:1. Son turda "Səbail"in qalib gələcəyi təqdirdə xallar bərabərləşəcək və şəxsi görüşlərdə üstünlük bakılıların tərəfinə keçəcək.

27-ci tur (15 may, bazar)

"Neftçi" - "Zirə"

"Sabah" - "Sumqayıt"

"Səbail" - "Qarabağ"

"Şamaxı" - "Qəbələ"

28-ci tur (21 may, şənbə)

"Qəbələ" - "Sabah"

"Qarabağ" - "Neftçi"

"Sumqayıt" - "Səbail"

"Zirə" - "Şamaxı"

İlqar TAĞIYEV

Digər Xəbərlər
Xəbər Lenti